BAKI, 1 dek-Sputnik. Daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov hazırda Nardaran qəsəbəsindədir.
Sputnik Trend-ə istinadən xəbər verir ki, Eyvazov Nardaranda keçirilən xüsusi əməliyyatla əlaqədar qəsəbəyə gedib.
Bu gün səhər saat 8:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.
Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.