CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fazil Mustafa: Deputatın belə bir ifadə işlətməsi, biabırçılıqdır

© Photo : APAFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan
Abunə olmaq
Fazil Mustafa deputat həmkarı Naqif Həmzəyevin Məhəmməd Əmin Rəsulzadəni təhqir edən ifadələrinə sərt reaksiya verib.

BAKI, 1 dek-Sputnik. Bu, hər şeydən öncə siyasi savadsızlıqdan irəli gələn bir yanaşmadır. Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyətini tanımadan, öyrənmədən onun haqqında nalayiq bir fikir səsləndirmək, sadəcə, utancvericidir. Rəsulzadənin ailəsinə onun şəxsiyyətinə sataşmaq olmaz. 

Sputnik xəbər verir ki, Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa həmkarı, Gəncədən Milli Məclisə yeni seçilən Naqif Həmzəyevin Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin ünvanına işlətdiyi nalayiq ifadələrə cavab olaraq belə deyib.

"Yeni Müsavat"ın yazdığına görə, Naqif Həmzəyev qəzetin əməkdaşına Rəsulzadəni vətən xaini adlandıraraq, onun büstünün Gəncədə deyil, ilk respublikanı Tiflisdə qurduğu üçün orada qoyulmasını lazım bildiyini vurğulayıb.

Fazil Mustafa deputatın üzvü olduğu Yeni Azərbaycan Partiyasının məsələyə münasibət bildirməli olduğunu deyib: "Necə yəni ailəsinə sahib çıxa bilməyib, dövləti satıb?! Deputatın belə bir ifadə işlətməsi, doğurdan da biabırçılıqdır. YAP yəqin ki, məsələyə münasibəti bildirəcək. Bir məsələni xatırlatmaq istəyirəm: heç olmasa prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı verdiyi sərəncama baxsınlar. Görsünlər ki, prezidentin Rəsulzadəyə münasibəti nədir və YAP üzvünün Rəsulzadəyə münasibəti nədir? Bu əslində Rəsulzadəyə qarşı çıxış deyil. Bu, birbaşa İlham Əliyevə, Heydər Əliyevə qarşı çıxışdır. Heydər Əliyevin Rəsulzadəyə verdiyi qiyməti oxusun və bundan sonra özünün nə dərəcədə böyük qəbahət işlədiyini anlasın".

Böyük Quruluş Partiyasının başqanı bu addımı həm də ölkə başçısının sərəncamına qarşı çıxmaq kimi qəbul edir. Onun sözlərinə görə, prezidentin Rəsulzadəyə sayğılı münasibəti qarşılığında Həmzəyevin bu cür danışması düşünməyə əsas verir: "Azərbaycan ictimaiyyəti buna çox ciddi reaksiya verməlidir. Sovet rejiminin qarşısında kim öz ailəsini qoruya bilərdi ki?! 17 yaşlı oğlunu güllələdilər, körpə uşağını, ailəsini Qazaxıstana sürgün etdilər. Nə edə bilərdi? Ancaq öz canını götürüb 1922-ci ildə vətəndən getdi. Bu ifadəni işlətmək, ümumiyyətlə, Azərbaycan xalqına hörmətsizlikdir.

Kimisə qəbul etməyə bilərsən. Amma onun ailəsinə, onun ruhuna hörmətsizlik göstərmək qətiyyən yolverilməzdir. Əgər YAP-ın üzvü belə bir söz deyirsə, bu artıq YAP-ın sədri, ölkə prezidenti İlham Əliyevin sərəncamına qarşı çıxmaq deməkdir. Onun sərəncamının doğru olmadığını iddia etmək deməkdir. Əgər bu iddiası varsa, çıxıb açıq söyləsin. Prezidentin Rəsulzadəyə sayğılı münasibəti qarşılığında bu adamın belə bir münasibəti, ümumiyyətlə, düşündürücüdür. YAP buna öz münasibətin mütləq bildirməlidir".

Xəbər lenti
0