BAKI, 1 dek-Sputnik. İran İslam Respublikasının (İİR) Azərbaycandakı Səfirliyi Nardaran hadisələri ilə əlaqədar bəyanat yayıb.
İranın Azərbaycandakı səfirliyindən Sputnik-ə daxil olan bəyanatda deyilir: "Təəssüflər olsun ki, bir-neçə nəfərin ölümü və yaralanması ilə nəticələnən Nardaran hadisələrinin ardından bəzi rəsmi və qeyri-rəsmi media qurumları, hətta millət vəkilləri birbaşa və ya dolayısı ilə İran İslam Respublikasını ittiham edirlər. Bu ölkənin sütunlarına, xüsusilə dini müqəddəslərinə hücum etməyə başlayıblar. İran İslam Respublikasının Səfirliyi hadisələrin ilk günündən başlayaraq səbr və dözüm nümayiş etdirərək buna münasibət bildirməməyə çalışdı. Lakin artıq ölkəmizin ləyaqəti və qüruru hücuma məruz qaldığı üçün ictimai fikri aydınlatmaq məqsədilə aşağıdakıları diqqətinizə çatdırırıq:
1.İİR-in bütün ölkələrə, xüsusilə qonşulara və özəlliklə də, Azərbaycan Respublikasına qarşı xarici siyasəti daim mehriban qonşuluq, konstruktiv əməkdaşlıq və daxili işlərə qarışmama prinsiplərinə əsaslanıb və bu siyasəti əməldə də icra edib. İİR-in beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünü hərtərəfli dəstəkləməsi və ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin günbəgün genişlənməsi ölkələrimizin, xüsusilə iki ölkənin möhtərəm prezidentlərinin əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi üçün iradələrinin göstəricisidir. Şübhəsiz, İran İslam Respublikası ilə Azərbaycan Respublikasının regionda yaxınlaşması və ikitərəfli əməkdaşlıqların inkişafı, özəlliklə, iki ölkənin xalqları arasında yaxınlıq iki ölkənin başıucalılığını və hörmətini istəməyənlər üçün ciddi təhlükədir. Bu qüvvələr müxtəlif vaxtlarda iki ölkə münasibətlərində uçurum yaratmaq üçün cari hadisələrdən istifadə edirlər. Aydındır ki, son hücumlar da İran İslam Respublikasını qaralamaq və iki ölkə münasibətlərinə zərər vurmaq məqsədilə edilir.
2.İran İslam Respublikası heç vaxt Azərbaycan Respublikasının daxili işlərinə qarışmaq məqsədi güdməyib və Nardaran hadisələrinin baş verməsində də heç bir rolu olmayıb. İran daim dost ölkələrdə sabitliyin və əmin-amanlığın bərqərar olunmasını istəyib və prinsipial bir siyasət olaraq problemlərin və ixtilafların zorakı yollarla həllinə qarşı olmuşdur. Təbiidir ki, İranın Azərbaycanın daxili işlərinə qarışması barədə Azərbaycan Respublikasının rəsmi orqanları tərəfindən hər hansı bir sübut və dəlil təqdim olunduğu təqdirdə məsələ mütləq araşdırılacaq və biz əminik ki, bu barədə heç bir sənəd və dəlil yoxdur.
3.Azərbaycan Respublikasının bəzi media orqanları Həzrət Ayətullah Nuri Həmədaninin Azərbaycan xalqı ilə görüşündə bir-neçə nəfərin onun əlini öpməsi səhnələrini nümayiş etdirməklə həmin şəxslərin İranla əlaqəli olduğunu göstərməyə çalışırlar. Qeyd etmək lazımdır ki, din alimlərinə hörmət və ehtiram nümayiş etdirmək İslam dini yaranandan bəri adət olmuşdur və hətta Azərbaycan xalqı da müxtəlif zamanlarda Ayətullah Lənkərani, Ayətullah Ordubadi, Ayətullah Badkubeyi, Ayətullah Gəncəvi, Ayətullah Qubayi və sair böyük din alimləri və müctəhidləri ilə görüşdükdə onlara qarşı ehtiram göstərərək əllərini öpmüşlər. Ayətullah Nuri Həmədaninin Azərbaycan Respublikasına səfəri zamanı da bu ölkənin yüzlərlə ləyaqətli və imanlı şəxsi ona qarşı hörmət göstərmişlər və əgər onun səfər müddəti daha çox olsaydı, bu rəqəm minlərlə nəfərə çatardı. Bu cür hörmət və ehtiram nümayiş etdirmək heç bir vəchlə onların başqa bir ölkəyə bağlı olması kimi hesab edilə bilməz. Ayətullah Nuri Həmədani Bakıda əhali ilə görüşərkən çıxış etmiş və çıxışında bildirmişdir ki, "şiənin qanı coşmalıdır, sizin qanınız isə Qarabağın azad olunması uğrunda coşmalıdır." Belə bir sözü deyən şəxsə Azərbaycan xalqı ehtiram göstərməməlidirmi? Tehran-Bakı münasibətlərinə xələl gətirmək məqsədilə dini müqəddəslərə hörmətsizlik edənlər tənqid olunmamalıdırlarmı?"
İran səfirliyi Nardaran hadisələrindən istifadə edərək şiə təriqəti əleyhinə səslənənə fikirlərə görə də təəəssüfünü ifadə edib: "Bəzi media orqanları və xüsusi şəxslər, özəlliklə vəhabi muzdurları Nardaran hadisələrindən sui-istifadə etməklə şiəliyi təkfirçilikdə və ifratçılıqda ittiham etməyə və özlərinin təkfirçi və terrorçu fəaliyyətlərində cinayət ortağı yaratmağa çalışırlar. Bu elə bir halda baş verir ki, tarixi faktlara əsasən əsl İslam, xüsusilə də şiəlik heç vaxt təkfirçilik düşüncəsinə malik olmamış və bu din daim məntiqli, mötədil və fitri bir din olaraq tanınmışdır. Təkfirçi qrupları yetişdirib onları Suriyaya göndərənlərin özləri şiəliyi təkfirçi məzhəb adlandırmaqla bütün dünya şiələrini, xüsusilə də əziz Azərbaycan xalqını təhqir edirlər. Din xadimləri, xüsusilə də şiə alimləri bu kimi təbliğatlara qarşı ehtiyatlı olmalı və şiəliyi təkfirçiliklə eyniləşdirənlərə qarşı aydın və qəti mövqe sərgiləməlidirlər."
İran ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinin vacibliyini bir daha vurğulayaraq, Allahdan Nardaran hadisəsi nəticəsində dünyasını dəyişənlərə rəhmət və bağışlanma diləyib, onların ailələrinin qəminə şərik olduğunu bildirib. Səfirlik arzu edir ki, bütün dost ölkələrdə yaranan ixtilaflar dinc şəkildə, ağsaqqalların təcrübələrindən və məsləhətlərindən bəhrələnərək öz həllini tapsın.