Məşhur rus və sovet rejissoru Eldar Ryazanov 89 yaşında Moskvada vəfat edib. Bu haqda "RİA Novosti"yə onun nəvəsi Dmitri Troyanovskiy bildirib.
Son il ərzində o, dəfələrlə xəstəxanaya qaldırıldı. Ötən ilin noyabr ayında, kritik vəziyyətinə görə, rejissoru Burdenko adına elmi-təqdiqat institutuna yerləşdirdilər. 2015-ci ilin yanvar ayında isə o, bu xəstəxananı tərk etdi.
2015-ci ilin avqustunda o, Bakulyov mərkəzi xəstəxanasına düşdü. Qeyd olundu ki, xəstə infarkt keçirib, lakin onun qohumları bunu təkzib etdilər. Sentyabr və oktyabr aylarında Ryazanov müalicə olunurdu. Noyabrın 21-i isə onun yenidən Moskva klinikalarının birinə yerləşdirildiyi haqda məlumat yayıldı.
SSRİ xalq artisti Eldar Ryazanov rus və sovet kinorejissoru, ssenarist, aktyor, pedaqoq, yazıçı, şair və dramaturq olub. Ryazanov "Ünvansız qız", "Qusar balladası", "Şikayət kitabını verin", "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" filmlərinə quruluş verir. Onun ən uğurlu filmlərindən biri də "Avtomobildən qorun" hesab oluna bilər. Sonrakı illərdə Ryazanov bir-birinin ardınca "Uğur ziqzaqı", "Qoca quldurlar", "Qəribə təsadüf və ya həmişə təmizlikdə", "İşdə məhəbbət macərası", "İki nəfərlik vağzal" filmlərini lentə alır.
Rejissor Elxan Cəfərovun fikrincə, Ryazanov incəsənətin missiyasını layiqincə yerinə yetirib:
“Mən Eldar Ryazanovun yaradıcılığını təkcə rus kinosu çərçivəsində deyil, həm də keçmiş Sovetlər Birliyi – daha geniş məkan çərçivəsində dəyərləndirirəm. Onu böyük bir sənətkar bilmişik, öz müstəqil fikrinə malik bir rejissor kimi tanımışıq. Onun bir “Qaraj” filmi də vardı. Sosial film idi. Sovet dövründə bu növ filmlər cəsarətli filmlər idi. O dövrdə senzura çox güclü idi və bir addım sağa, bir addım sola – artıq problemlər yaranırdı. Amma Eldar Ryazanov belə bir problemlərin qarşısında aciz qalmadı və bəşəriyyət tarixi boyu incəsənətin missiyası olan, yəni insanların bir-birinə qarşı dözümlü, sevgi, ümümiyyətlə xoş münasibətdə olmaq faktorunu daha önə çəkən bir rejissor idi”.
Eldar Aleksandroviç Ryazanov öz kinematoqrafını yaratmışdı. Onun əksər filmləri bu gün də sevə-sevə xatırlanır. Lakin bundan başqa Ryazanov həm də 1979-1985-ci illərdə "Kinopanoram" verilişinin aparıcısı olmuşdur. Bundan başqa, onunla birgə televiziyada 200 müəllif proqramı hazırlanmışdır.
Kinorejissor, əməkdar incəsənət xadimi Cahangir Mehdiyevin sözlərinə görə, Ryazanov eləcə də, yəhudilərin rejissoru kimi tanınırdı:
“Çox böyük, nəhəng sənətkar idi. Məsələn, üç rejissor olur, üç kateqoriya – SSRİ ən yaxşı rejissorları-komedioqrafları. Üç nəhənglərin biri Qayday olur, biri – Ryazanov, biri – Donelya. Birinin adını “sovet rejissoru-komedioqrafı” qoymuşdular, o birisinin adını qoymuşdular “bütün SSRİ-də yaşayan yəhudilərin rejissoru, üçüncü də — rus-slavyan xalqlarının rejissoru. Məhz Eldar Ryazanov yəhudilərin rejissoru idi. Üç muşkityor kimi üçü də nəhəng rejissorlar idi”.
Qeyd edək ki, 2002-ci ildə Eldar Ryazanov Rusiyada kinematoqrafiya üzrə "Nika" akademiyasının prezidenti seçilir. 23 yanvar 2005-ci ildə isə Eldar Ryazanovun kinoklubu açılmışdır. 2010-cu ildə Kino İttifaqının təsisçilərindən biri olmuşdur.