Narkotiki leqallaşdırmaq təklif olunur

© Flickr / 86530412@N02Louisiana Cops Paid By Gas Company CEO to Plant Drugs on Suspect
Louisiana Cops Paid By Gas Company CEO to Plant Drugs on Suspect - Sputnik Azərbaycan
Abunə olmaq
Qərbdə deyirlər ki, narkotiki leqallaşdırmaq narkotikin qanunsuz dövriyyəsi ilə mübarizə aparmaqdan daha ucuzdur

Narkotiki leqallaşdırmaq təklif olunur
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi narkotik vasitələrini qanuniləşdirmək, onların saxlanılması və istifadə edilməsini cinayət siyahısından çıxartmaq məsləhətini geri götürməli oldu. Sənəd, şəxsi istifadə üçün nəzərdə tutulan hər növ narkotiklərin leqallaşdırılması haqda idi. Bu yanaşmanın tərəfdarları hesab edirlər ki, “onların saxlanması və istifadəsi üçün həbs etmək — çox sərt cəzadır”.

Lakin bu gün bir çox ölkələrdə narkotik vasitələrinin hətta kiçik miqdarda saxlanılması cinayət hesab olunur. Bu yanaşmanın əleyhdarları bildirirlər ki, oxşar əməllərə görə cinayət təqibindən imtina edilsə, bu, daha çox fayda gətirə bilər. Həkim-narkoloq Serqey Polyatıkinin sözlərinə görə, bu yanaşma təmamilə ağlasığmazdır:

“Əsas milli dəyərlər baxımından, bizim üçün narkotikin leqallaşdırılması qeyri-təbiidir. Lakin məsələnin iqtisadi tərəfi də var. Qərbdə deyirlər ki, narkotiki leqallaşdırmaq narkotikin qanunsuz dövriyyəsi ilə mübarizə aparmaqdan daha ucuzdur. Bu cəfəngiyatdır, çünki spirtli içkilər də qanuni narkotikdir. Onun istifadə tarixi minlərlə il əhatə edir. Uzun müddət əvvəl hesablanıb, sonra isə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının sənədlərində bildirilib ki, spirtli içkinin satışından əldə olunan bir avro onun istifadə nəticələri ilə mübarizəsi üçün nəzərdə tutulan büdcədən beş avro aparır. Narkotiklə vəziyyət daha pisdir. Alkoqol əhalinin əksəriyyətini yavaş-yavaş öldürür, bəzi narkotiklər isə dərhal, əhalinin ən aktiv və cavan hissəsini, ən yaxşı yaş dövrlərində öldürür”.

Narkotikin leqallaşdırılmasına qarşı çıxan mütəxəssislər qeyd edirlər ki, artıq iki leqal narkotik var – siqaret və alkoqol. Bu siyahını artırmaq qətiyyən olmaz. Lakin bu fikirlə hamı razılaşmır. Beynəlxalq hüquq üzrə ekspert Mariya Yarmuş deyir:

“Fikrimcə, narkotikin leqallaşdırılmasının mənfidən daha çox müsbət təsirləri olacaq. İndi bir çox ölkələrdə hakimiyyət orqanları narkotikin yayılması və istifadə olunmasına görə cinayət məsuliyyətini tədbiq edirlər. Bununla onlar mütəşəkkil cinayət yaradırlar. Çünki bəzi insanlar üçün qadağan olunan hər şey maraqlıdır. Cinayət ünsürü qara narkotik bazarını yaradaraq, orada böyük məbləğlər dövriyyə etdirir. Trafik bundan azalmır, narkotikdən asılı insanların sayı isə yalnız artır”.

Lakin leqallaşdırılmanın əleyhdarları hesab edirlər ki, bu baş versə, narkotik tacirləri rahat şəkildə öz bizneslərini inkişaf etdirəcəklər. Mariya Yarmuşun sözlərinə görə, hər hansı bir müsbət nəticələr əldə etmək üçün, işi bir neçə istiqamətdə aparmaq lazımdır:

“Narkotiklə mübarizə vəziyyətin yaxşılaşmasına gətirib çıxarmadı — qara narkotik bazarı böyüyür, narkotik istifadəçilərinin sayı isə hər il artır. Buna görə də, bu bəla ilə mübarizə aparmaq üçün digər vasitələrdən istifadə etmək lazımdır. İlk növbədə, bu prosesi dövlət nəzarəti altına götürmək lazımdır, eləcə də, narkotikdən imtinanı və sağlam həyat tərzini təbliğ etmək lazımdır. Bütün mövcud kütləvi informasiya vasitələri ilə vətəndaşların beyinlərinə yeritmək lazımdır ki, narkotik bəladır, bədbəxtlikdir və sağlamlıq üçün çox zərərlidir”.

Qeyd edək ki, BMT-də yüngül narkotiklərin, xüsusilə də marixuananın leqallaşdırılması cəhdləri hələ 2011-ci ildə başlayıb. O zaman, BMT-nin Qlobal Komissiyası, narkotiklə mübarizənin qiymətləndirilməsinə əsasən anti-narkotik siyasətini yumşaltmağı təklif etmişdi. Bu addımın motivi isə cinayətin azaldılması və iqtisadi inkişafın cəlb edilməsi idi.

“Sputnik” (Rusiya)

Xəbər lenti
0