BAKI, 28 noy-Sputnik. Mütəxəssislər gün ərzində duz istifadəsinə məhdudiyyət qoyulmasını və miqdar etibarilə 6 qr-a qədər istehlak oluna biləcəyini xəbərdarlıq edirlər. Belə ki, bu temp yüksək təzyiq də daxil olmaqla bir sıra xəstəliklərin qarşısının alınmasında olduqca effektivdir.
Artıq istifadə zamanı isə yüksək təzyiq xəstəliyini formalaşdırmaqla bərabər ürək-damar sistemi ilə yanaşı sidik-ifrazat sisteminə də ciddi zərər vurmuş olur, eyni zamanda isə müxtəlif orqan və toxumaların xərçənginə münbit şərait yaradır.
Ümumdünya Xərçəng Birliyindən verilən məlumata görə, yemək və qəlyənaltılar zamanı duz istifadəsinin məhdudlaşdırılması mədə xərçəngi riskinin də azalmasına səbəb olur. Ən çox duz tərkibli qidalara isə hazır yeməklər və fast-foodlar daxil olduğu üçün bunlardan da mümkün səviyyədə uzaq olmaq məsləhətdir. Təəssüf ki, yeməklərə xüsusi dad gətirəcəyi istəyi ilə ölçüsündən artıq şəkildə istifadə olunan duzun 3 ağ düşmənimizdən biri olduğu göz ardına vurulur. Unutmayaq ki, sağlamlığımız hər şeydən önəmlidir.