Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Jurnalistləri öyrədirlər ki, onları tərifləsinlər

Rejissor Tahir Tahiroviç
Rejissor Tahir Tahiroviç - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimir Putinin mükafatlandırdığı azərbaycanlı rejissor danışdı: Dövlət büdcəsindən ayrılan vəsaitləri yaxşı ssenarilərə yönəltmirlər.

BAKI, 28 noy —Sputnik. Azərbaycanın kino sahəsində baş verən proseslər ürək açan deyil. Kino sənayesinin bəzi nümayəndələri o fikirdədirlər ki, kino sahəsi monopoliyadadır, dövlət büdcəsindən kinoya ayrılan pulların paylanmasında dostluq, tanışlıq məsələləri əsas rol oynayır və yaxşı ssenarilər maliyyələşmədən kənarda qalır. Bu dəfə kino ilə bağlı Sputnik-in suallarını kinorejissor Tahir Əliyev cavablandırıb. O, müsahibədə öz yaradıcılığı və kinonun inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb.

- Yaradıcılığınızda sənədli filmlərə daha çox üstünlük vermisiniz. Səbəb?

— Sənədli film kinonun janrlarından biridir. Demək olmaz ki, bədii filmdən savayı o biri janrlar kino deyil. Bir vaxtlar "Telefilm" və "Salnamə" kinostudiyalarında çalışmışam. Təbii ki, bu qurumlar sənədli film üzrə ixtisaslaşmışdılar. Bu baxımdan, sənədli filmlər çəkmək bir növ vəzifə borcum idi. Bir məsələni də vurğulamaq istəyirəm ki, sənədli film çəkmək bədii film çəkməkdən heç də asan deyil, əksinə dəyərdim sənədli film daha çətindir. Amma indi şərait və maliyyə imkanlarımızdan çıxış edərək qısametrajlı bədii filmlər çəkirik. İndi orta nəsil rejissorların uğurlarında sənədli kinonun böyük rolu olub.

Rejissor
Rejissor - Sputnik Azərbaycan
Rejissor

- Qazandığınız mükafatlar arasında sizə daha doğma olan hansıdır?

— İyirmiyə yaxın festivallardan müxtəlif priz və diplomlarım var. Bunların hamısı mənim sevincimdir. Amma hər halda S.Bandarçuk adına film festivalında qazandığım mükafatı daha çox sevirəm. Həmin gün mənim üçün ayrı bir aləm idi. Beş əsas mükafatçılardan Qriqori Natanson, Aleksey Uçitel, İrina Skobçeva, Vladimir Maşkov kimi kinematoqrafçılarla bir arada olmaq mənim üçün bayram idi. Təsəvvür edin, o cür sənətkarlarla birgə səhnəyə Tahir Əliyev də dəvət olunur. Həmin günkü, sevincimi sözlə ifadə edə bilmirəm.

- Bu il də kommersiya filmlərinin özəyini komediya janrlı filmlər təşkil edir. Səbəb?

— Bu cür hallar normaldı. Kommersiya filmlərini çəkənlər özləri maliyyə tapır və istehsala başlayr. Onlara demək olmaz niyə komediya çəkirsən?! Kinoda komediya janrı ciddi bir işdir. Onlar öz tamaşaçılarını tapıb. Hal-hazırda efirlərdə neqativ verlişlərdən, seriallardan yorulan tamaşaçı hansısa komediya filminə baxıb istirahət etmək istəyir. Bu tələbatı da rejissorlar bilir və buna uyğun filmlər çəkirlər. Əsasən komediya janrlı kommersiya filmlərinin tamaşaçıları təxminən 16 — 25 yaş həddindədir. Dövlət vəsaiti ilə çəkilən filmlərin dərdi başqadır. Yəni onlar tamaşaçı tapmaqda çətinlik çəkirlər. Hətta bildiyim qədər kommersiya filmlərini qısqanırlar da. Sadə şəkildə çəkdikləri filmləri belə təbliğ edə bilmirlər. Heç olmasa, gedib Müşfiq Şahverdiyevdən, Fərda Xudaverdiyevdən dərs alsınlar.

- Tamaşaçılar yüksək səviyyəli Azərbaycan filmləri görə biləcəklərmi?

— Tamaşaçılar özlərini bayaq dediyiniz kommersiya filmlərində çox rahat hiss edirlər. O, tamaşaçılardan soruşsaz, təbii ki, deyəcəklər yaxşı filmlər var və komersiya xarakterli komediya filmlərinin adlarını çəkəcəklər. Amma dövlət hesabına da belə filmlər çəkib kinomuzun büdcəsini artırmaq olar. Buna isə istəkdən öncə təfəkkür lazımdır. Təəssüf ki, bəzilərinin təfəkkürü o qədər də inkişaf etməyib. İstənilən virus ona münbit şərait yarananda inkişaf edir. Bu, həmçinin yaxşı işlərə də şamil oluna bilər. Dövlət büdcəsinin hesabına gərək yaxşı ssenarilərə də şərait yaradıla. Bu axı baş vermir. Bir-iki nəfərin kefiylə qəbul olunan və ya paylanan ssenarilər əsasında çəkilən filmlərlə qabağa getmək mümkün deyil. Bu iş kütləviləşməlidir. Kino başbilənləri üçünsə bu hal münasib deyil. Çünki belədə onlar öz ambisiyalarını həyata keçirə bilməyəcəklər. Onlar şəxsi maraqlarına uyğun iş görürlər. Hətta jurnalistləri də öyrədirlər ki, onları tərifləsinlər.

- Rusiya prezidenti Vladimir Putinin sizə təqdim etdiyi mükafatla bağlı təəssüratlarınız?

— Son 7-8 ildə Böyük Vətən Müharibəsinə həsr olunmuş doqquz sənədli film çəkmişəm. Bununla bağlı, mənə Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə Putinin imzasıyla mükafat verildi. Bu o demək deyil ki, Putin məni şəxsən tanıyır və buna görə təltif edib. Əsas işimizə qiymət və dəyər verilməsidir. Əlbəttə, bu hal sevindiricidir. Bir məsələni xatırladım ki, bu illər ərzində ölkəmizdə bu filmlərimə görə heç bir diplom, fəxri-fərman və ya başqa mükafat qazanmamışam. Heç gözləmirəm də.

- Ssenari kursunda müəllim kimi fəaliyyət göstərmisiniz. İstənilən nəticəni əldə edə bilmisizmi?

— Bu, İntiqam Hacılının təşkil etdiyi kursi idi. Hazır uşaqlar da var idi. Onların içində Yasəmən Quliyeva və Əfsanə Əliyeva daha istedadlı idilər. Vaxtaşırı onlarla ssenari üzərində işləyirik. Əfsanə hətta "Milli Kitab" mükafatının qalibi oldu. Yasəmən isə artıq bədii filmin ssenarisi üzərində çalışır.

Söhbətləşdi: İbrahim Aydın

Tahir
Tahir - Sputnik Azərbaycan
Tahir

Xəbər lenti
0