BAKI, 28 noy-Sputnik. Azərbaycan hər zaman Belarusa güvənə bilər.
Sputnik xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə bildirib. Çətin vaxtlarda Azərbaycanın göstərdiyi dəstəyi xatırladıqlarını deyən Belarus prezidenti yardıma görə Azərbaycan prezidentinə minnətdarlığını ifadə edib. Lukaşenko Azərbaycan və onun xalqına hər zaman yüksəklərdə olmağı, qarşılaşdığı çətinlikləri dəf etməyi arzulayıb.
"Bilin ki, burda sizin dostlarınız var" — deyən Belarus prezidenti qeyd edib ki, iqtisadiyyatda çətin vaxtlar yaşanmasına baxmayaraq, iki dövlət ticarət dövriyyəsini eyni səviyyədə saxlayıb. "Biz münasibətlər üçün yaxşı təməl yaratmışıq" — deyə Belarus lideri əlavə edib.
Lukaşenko onu da deyib ki, Belarus və Azərbaycan arasında hər hansı gərginlik və qapalı mövzu yoxdur: "Kimincə xoşuna gəlmirsə, bu, onların problemidir". O, Azərbaycan prezidentini özünün və Belarus xalqının dostu adlandırıb.
"Biz dostluğumuzu yüksək qiymətləndiririk. Sizə sərfəlidirsə, biz Avrasiya İqtisadi İttifaqında sizin maraqlarınızın təmin olunmasına kömək etməyə də hazırıq" — deyə Lukaşenko əlavə edib.