BAKI, 27 noy — Sputnik. Türkiyədə dabaq xəstəliyinin qeydə alınması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Əmr imzalayıb.
Dövlət Xidmətindən verilən məlumata görə, Türkiyənin bir sıra bölgələrində dabaq xəstəliyinin baş verməsi ilə əlaqədar Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin və Baş Dövlət Baytarlıq Müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleynamov 27 noyabr 2015-ci il tarixində 30 saylı əmr imzalayıb.
Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.7-ci maddəsini və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti haqqında Əsasnamənin 8.4-cü bəndini rəhbər tutaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin imzaladığı bu əmrdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) rəsmi məlumatına görə, Türkiyənin Van, İqdır, Sinop, Kars, Çorum bölgələrində dabaq xəstəliyinin baş verməsi bildirilir.
Bununla əlaqədar həmin bölgələrdən və risk zonasına yaxın olan Kastamonu, Çankırı, Kırıkkale, Amasiya, Samsun, Ardahan, Ağrı, Erzurum bölgələrindən diri heyvanların və heyvandarlıq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması, eləcə də digər dövlət baytarlıq nəzarətində olan yüklərin idxalına isə Türkiyənin Dövlət Baytarlıq Xidmətinin yük çıxan ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında arayışı olduğu təqdirdə baxılması qeyd edilir.
Türkiyədə baş vermiş dabaq xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması üçün bütün zəruri tədbirlər görülməsi məqsədilə müvafiq strukturlara tapşırıqlar verilib və aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, ölkəmizin dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyəti sabitdir.