BAKI, 27 noy — Sputnik. Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin 2015-ci ilə nəzərdə tutulan Zirvə toplantısı ertələnib.
Sputnik xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin 2015-ci ilin payızına palanlaşdırlan görüşü ölkə başçılarının iş qrafiki baxımından təxirə salınıb: “Üç ölkənin dövlət başçılarının Zirvə toplantısı 2016-cı ildə keçiriləcək. Hələlik Zirvə görüşünün vaxtı bəlli deyil. Amma mütləq olacaq”.
Diplomatik mənbələrin Sputnik-ə verdiyi məlumata görə, prezidentlərin görüşünədək hər üç ölkənin xarici işlər nazirlərinin növbəti görüşünün keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədovun görüşünün oktyabrın 12-də Türkmənistanın Avaz şəhərində keçirilməsi planlaşdırılırdı.Türkiyə Prezidenti Administrasiyasının yaydığı məlumatda bildirilirdi ki, üçtərəfli görüşdə bölgədə iş birliyi, qarşılıqlı əməkdaşlıq, təhlükəsizlik, sabitlik və bölgənin rifahına dair məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Üçtərəfli zirvə toplantısının keçirilməsi haqda qərar bu ilin avqustun 28-də Antalyada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşündə qəbul edilib.