BAKI, 26 noy — Sputnik. Azərbaycanda bankların nizamnamə kapitalının beş yüz milyon manatadək artırılması bank sektorunda maliyyə böhranları zamanı dayanıqlılığın təmin olunmasına və rəqabət mühitinin formalaşmasına gətirib çıxaracaq.
Bunu Sputnik-ə açıqlamasında iqtisadçı ekspert Azər Mehtiyev deyib.
Onun sözlərinə görə, indiki şəraitdə bank sektoru böhranlara davamlı deyil və istənilən böhranda ciddi problemlərlə üzləşir: “Bu baxımdan da uzun müddətdir ki, Azərbaycanda bankların nizamnamə kapitalının artırılması istiqamətində işlər gedir və nizamnamə kapitalının 500 mln manatadək qaldırılması da bu prosesin davamıdır. Hökumət bu yolla bankların konsolidasiyasına, yəni birləşməsinə nail olur, həm də böhranlarda maliyyə təhlükəsizliyini təmin etmək istəyir. Çünki son dövrlərdə bank sektorunda yaranan bir sıra problemlərin bankların kiçik nizamnamə kapitalına malik olması ilə bağlı idi və bu da ölkənin kreditə olan ehtiyacının təmin edilməsinə imkan vermirdi. Bu isə öz növbəsində bankların dayanıqlılığını aşağı salırdı. Ancaq bankların nizamnamə kapitalının artırılması bank sektorunun dayanaqlılığının və rəqabətə qabliliyyətinin artırılmasına imkan verir. O baxımdan da hökumətin bu addımı başa düşülən və düzgün addımdır.”
Ekspert eyni zamanda hesab edir ki, Azərbaycanda dayanıqlı bankların mövcudluğu ölkə iqtisadiyyatının inkişafına müsbət təsir edən əsas amillərdən biridir: “Digər tərəfdən isə bu addım ölkədə bankların birləşməsinə və saylarının azalmasına, həmçinin bank sektorunda rəqabətin artmasına gətirib çıxaracaq.”