BAKI, 24 noy — Sputnik. Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və "Azəryolservis" ASC ictimai nəqliyyatdan və piyada keçidlərindən düzgün istifadə ilə bağlı növbətii maarifləndirici məqalə paylaşıb.
Məktəblilərin yol hərəkəti qaydalarını öyrənmələri ilk növbədə onları əhatə edən mühitə düzgün münasibətin formalaşmasına xidmət edir. Yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, uşaqların hadisələrdə zərər çəkmələri onların davranışından asılıdır. Yol hərəkəti qaydalarının öyrədilməsi və bu istiqamətdə maarifləndirici aksiyaların keçirilməsinin çox böyük əhəmiyyəti var. Yol hərəkəti və ictimai nəqliyyatdan düzgün istifadə qaydaları haqda maarifləndirmə məktəblərin, aidiyyəti üzrə təşkilatların və bütün ictimaiyyətin diqqət mərkəzində olmalıdır. Hər il bu istiqamətdə tədbirlər keçirən Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və "Azəryolservis" ASC tərəfindən ictimai nəqliyyatdan və piyada keçidlərindən düzgün istifadə ilə bağlı növbətii maarifləndirici aksiya təşkil olundu. Aksiya zamanı məktəblərin qarşısında azyaşlı məktəblilər üçün hazırlanmış yol hərəkəti və ictimai nəqliyyatdan istifadə qaydaları olan broşürlər paylanıldı. Xüsusilə məktəblərin yaxınlığındakı yeraltı və yerüstü piyada keçidlərin yanında üzərinə "Keç yeraltı keçiddən, uzaq ol təhlükədən!" (Keç yerüstü keçiddən, uzaq ol təhlükədən!) şüarı yazılan posterlər yapışdırıldı.
Yol hərəkəti qaydaları ilə bağlı mütəmadi təlimlərin keçirilməsi və maarifləndirici tədbirlərin təşkili uşaqların yollarda arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısını alan əsas amillərdəndir.