BAKI, 24 noy — Sputnik. Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası başlayıb.
APA-nın məlumatına görə, iclasda Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq, 2015-cu il noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılır.
Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib. İclasda məruzəçi hakim Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb.
Məruzəçi hakim Kamran Şəfiyev qeyd edib ki, Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 18-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və təqdim edilən sənədlər Konstitusiya Məhkəməsində yoxlanıb.
Hakim Rəfael Qvaladze seçkilərlə bağlı məhkəmələrə daxil olan şikayətlər barədə məlumat verib. Onun sözlərinə görə, Respublika Prokurorluğu bildirib ki, prokurorluq orqanlarına seçki hüquqlarının pozulması ilə 23 şikayət təqdim edilib, 19 şikayət aidiyyəti üzrə göndərilib, 4 şikayət üzrə isə qanunvericiliyin tələbləri izah edilib.
İclasda çıxış edən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, Milli Məclisə seçkilərlə əlaqədar 1823 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 1753 nəfərə imza vərəqi verilib, 1457 nəfər imza vərəqini qaytarıb, 1247 nəfərin deputatlığa namizədliyi qeydə alınıb, onların bir qismi sonradan deputatlığa namizədliyini geri götürüb və 767 nəfərin adı protokola daxil edilib. Seçkiləri 40 beynəlxalq təşkilatdan 57 ölkənin vətəndaşı olan 503 beynəlxalq müşahidəçi, 27 beynəlxalq KİV-dən 42 nəfər, 66 minə yaxın yerli müşahidəçi izləyib. Eyni zamanda 1000 məntəqədə veb-kamera quraşdırılıb. Seçkidə 15 siyasi partiya və 7 partiyanın bir araya gəldiyi “Azadlıq-2015” siyasi partiyalar bloku iştirak edib. Namizədlər seçicilərlə görüşlərin keçirilməsində heç bir məhdudiyyətlə üzləşməyiblər, təşviqat prosesi geniş miqyasda həyata keçirilib. Seçicilərin fəallığı 55,54 faiz olub. Başqa sözlə, seçici siyahılarına daxil edilmiş 5 milyon 211 min 765 seçicidən 2 milyon 894 min 515 seçici səsvermədə iştirak edib. MSK sədri deyib ki, 90 saylı Ağdaş Seçki Dairəsi üzrə 40 seçki məntəqəsi, o cümlədən 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 15 saylı Yasamal Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 53 saylı Quba-Qusar Seçki Dairəsi, 82 saylı Ağcabədi Seçki Dairəsi, 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi, 85 saylı Şamaxı Seçki Dairəsi, 121 saylı Laçın Seçki Dairəsi üzrə ümumilikdə 58 seçki məntəqəsində nəticələri müəyyən etmək mümkün olmadığı üçün bu seçki məntəqələri üzrə nəticələr ləğv olunub. 90 saylı Ağdaş Seçki Dairəsi istisna olmaqla, bu məntəqələrdə seçkinin nəticələrinin ləğv edilməsi həmin dairələr üzrə ümumi nəticəyə təsir etməyib. MSK noyabrın 17-də 90 saylı Ağdaş Seçki Dairəsində 40 seçki məntəqəsinin hamısında seçkinin nəticələrini etibarsız sayıb və bu dairədə seçkinin nəticələrinin etibarsız sayılması barədə qərar verib: “Hesab edirəm ki, Konstitusiya Məhkəməsi MSK-nın seçkilərin nəticələri ilə bağlı təqdim etdiyi sənədi təsdiq edə bilər”.
Daha sonra Konstitusiya Məhkəməsinin hakimləri M. Pənahova bir neçə sual ünvanlayıb, M. Pənahov həmin sualları cavablandırıb.
İclasda ekspert qismində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov çıxış edib. O, 7 noyabr seçkilərinin Konstitusiyaya uyğun olaraq azad, ədalətli, demokratik keçirildiyini deyib, seçki prosesinə müsbət rəy verib.