CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İran rəsmiləri Azərbaycana gələcək

© sputnik.azXəzər dənizi yuxarıdan görünüş
Xəzər dənizi yuxarıdan görünüş - Sputnik Azərbaycan
Abunə olmaq
Fövqəladə Hallar Nazirliyinin dəvətilə reallaşacaq səfərdə İran rəsmiləri "Xəzər-2015" komanda-qərargah təlimlərini izləyəcəklər.

BAKI, 23 noy-Sputnik. İranın təhsil naziri Əliəsgər Fani, daxili işlər nazirinin müavini və ölkənin böhran vəziyyətinin idarəedilməsi təşkilatının sədri İsmayıl Nəccar Azərbaycana səfərə gələcək.

Bu barədə Sputnik-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfirlikdən bildirilib ki, səfər noyabrın 24-də Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəsmi dəvəti əsasında reallaşacaq.
İranın böhran vəziyyətinin idarə edilməsi təşkilatının sədri İsmayıl Nəccar Azərbaycana səfər çərçivəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illik yubileyi münasibətilə noyabrın 24-də quruda və dənizdə keçiriləcək "Xəzər-2015" komanda-qərargah təlimlərini izləyəcək.
Noyabrın 24-də FHN-nin yaradılmasının 10 illik yubileyi münasibətilə keçiriləcək təlimlərdə nazirliyin xilasetmə qurumları, həmçinin Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Dəniz Administrasiyası və "BP" şirkətinin şəxsi heyəti, xüsusi texnika və avadanlıqları cəlb ediləcək.
Təlim Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi və Kompleks Qazma İşləri Trestinin ərazisində keçiriləcək.

Nəccar Azərbaycana səfəri çərçivəsində nazir Kəmaləddin Heydərovla görüş keçirəcək və görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Görüşdə birgə təlim məşqlərinin keçirilməsi, iki ölkə arasında sel, zəlzələ, torpaq sürüşməsi, yanğın və digər fövqəladə hallarla mübarizə yolları haqda fikir mübadiləsi aparılacaq.
Hələ keçən ilin martında Tehranda baş tutan görüşdə tərəflər fövqəladə halların qarşısının alınması və sənaye tullantılarının aradan qaldırılması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

O zaman Heydərov deyib ki, Azərabycan İranla Xəzər dənizinin ətraf bölgələrində xilasetmə işlərini gücləndirmək və ehtimal olunan hadisələrin qarşısını almaq məqsədi ilə müştərək təlim məşqləri keçirməyə hazırdır:

"Xəzər dənizində və ya ətraf meşələrdə yanğın baş verdikdə bəzən həmin bölgələrə qüvvələri yalnız vertolyotlarla göndərmək mümkündür.
İki ölkə arasında krizis hallarında qarşılıqlı əməkdaşıq haqqında sazişin olmaması xilasetmə işlərini çətinləşdirir. Bu sahədə sazişin imzalanması fövqəladə hallarla mübarizə sahəsində iki ölkə arasında əlaqələrin güclənməsində təsiredici rol oynaya bilər."
Səfirlikdən o da bildirilib ki, noyabrın 25-də İranın təhsil naziri Əliəsgər Fani də Azərbaycana səfər edəcək.
İranlı nazirin Azərbaycana səfərinin əsas məqsədi Bakıda keçiriləcək İSESCO-nun 12-ci konfransında iştirak etməkdir.
Səfər zamanı iranlı nazirin Azərbaycanda bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti
0