BAKI, 23 noy-Sputnik. Azərbaycanda hər 3 adamdan ən azı birinin banklar qarşısında borc öhdəliyi var.
Sputnik xəbər vertir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu öz facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, əgər bu günə qədər banka borcunuz yoxdursa və cibinizdə hətta 1 manat pulunuz varsa deməli, siz ölkə əhalisinin 38 faizindən varlısınız.
O deyib ki, Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) üzrə 2015-ci ilin 9 ayının yekunlarına görə, oktyabrın 1-ə ölkədə borcalanların sayı 2 milyon 505 min 575, zaminlərin sayı isə 1 milyon 184 min 202 nəfər olub. "Bu o deməkdir ki, ölkə əhalisinin 38,5 faizi və ya 3,7 milyon nəfərinin 44 bank və 41 bank olmayan kredit təşkilatı qarşısında birbaşa və dolayı yolla öhdəliyi var. Müqayisə üçün qeyd edək ki, son 5 ayda birbaşa borcu olanların sayı 90 min nəfərdən çox, zaminlərin sayı isə 70 min nəfərə qədər artırb. MKR-in digər açıqlamasına görə, ölkə üzrə bütövlükdə kredit məlumatlarının sayı 10,4 milyondan çox olub. Deməli, orta hesabla 1 borcalanın 4 bank qarşısında öhdəliyi formalaşıb. Bu isə belə izah oluna bilər ki, 1 banka borcunu ödəyə bilməyənlər digər banklardan da kredit götürməklə vəziyyətdən çıxmağa çalışırlar. Bu da bir çox bank və bank olmayan kredit təşkilatlarında borcalanlarla işin düzgün qurulmadığını xarakterizə edir" — iqtisadçi alim əlavə edib.