BAKI, 22 noy-Sputnik. Tənəffüs sisteminin ən mühüm hissəsi olan ağciyərlər hər nə qədər özlərini təmizləyən orqanlar olsalar da, ətraf mühitin yaratdığı toz, siqaret dumanı və toksinlərdən təsirlənməsi zaman getdikcə zəifləyir.
Bəzi bitkilər ağciyərlərin təmizlənməsinə, möhkəmlənməsinə və daha rahat nəfəs almasına yardımçı ola bilər.
Sputnik "Təbabət"ə istinadən ağciyərə yaxşı təsir edən bitkilərin siyahısını təqdim edir:
Şirinbiyan kökü sağlam həyat üçün ən çox istifadə edilən bitkilərdən biridir. Xüsusilə ənənəvi Çin tibbində geniş yer tutur. Ağciyərləri təmizləməyə və sinəni yumşaltmağa kömək edir. Bəlğəm atıcıdır, öskürəyi kəsər və nəfəs darlığına faydalıdır.
Şirinbiyan kökü çayını sağlam adamlar gündə üç stəkana qədər içə bilər. Ancaq şirinbiyan kökünün çox miqdarda və uzun müddətli istifadəsi zamanı yüksək təzyiqə səbəb ola bilər. Hər hansı ciddi xəstəliyiniz varsa, istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşməlisiniz.
Zəncəfil güclü antioksidantdır və bu sayədə ağciyərləri çirkləndirən zəhərli maddələrin bədəndən atılmasına yardım edir. Eyni zamanda, bədəndə hərarət və tərləmə yaratmaqla da toksinlərdən təmizlənməsini təmin edir.
Zəncəfilin tənəffüs yollarını açmaq kimi təsiri də var. Toz halında zəncəfili bal ilə qarışdıraraq içmək tənəffüs yollarını təmizləyir.
Adi dəvədabanı otu hindular tərəfindən minlərlə il əvvəl ağciyərləri gücləndirmək üçün istifadə edilmiş bitkidir. C vitamini anbarı olan adi dəvədabanı otu bəlğəm gətirən xüsusiyyətə malikdir. Aparılan araşdırmalarda astma, bronxit, öskürək və digər bir çox ağciyər problemlərinə yaxşı təsir etdiyi təsdiq olunub. Adi dəvədabanı otunu çay kimi içmək üçün qurudulmuş formada apteklərdən tapa bilərsiniz.
Evkalipt yarpaqlarında olan təbii antibiotik deyilən uçucu yağ ağciyər infeksiyalarına qarşı vuruşur və tıxanıqlığı təmizləyir. Astma və nəfəs darlığı xəstəliklərində haradasa ağıla ilk gələn təbii müalicə üsuludur. Öskürək və boğaz qıcıqlanmasında istifadə etdiyimiz siroplar, buxar vannaları üçün olan məhsullar əsasən, evkaliptdən hazırlanır.
Kəklikotu sinə tutulmasına qarşı yaxşı mübarizə üsuludur. Kəklikotunun tərkibindəki ən mühüm maddə uçucu efir yağlardır. Bu yağlar qana qarışıb, bronxial əzələlərə təsir edərək ağrıları azaldır. Eyni zamanda, o bölgələrdə bakteriya əmələ gəlməsini əngəlləyir. Öskürək və yuxarı tənəffüs yolları iltihabında çayı da çox təsirlidir.
Soyuqdəymə, qrip və digər infeksiyaların müalicəsinə kömək edən ekinezya ağciyər funksiyalarını inkişaf etdirmək üçün təsirli bitkidir. Ekinezya ilə bağlı aparılan araşdırmalarda bu bitkinin xüsusilə immun sistemini qüvvətləndirici istiqaməti təsdiq olunub. İnterferon istehsalını dəstəkləyərək orqanizmin müdafiə sistemini gücləndirir. Hər hansı bir dərman istifadə edirsinizsə və ya hər hansı bir xəstəliyiniz varsa, həkimlə məsləhətləşməlisiniz.
Alban bibəri siqaretin ağciyərdə yaratdığı DNT qırılmasının qarşısını almağa yardımçı olur. Bundan başqa, tənəffüs kanallarını təmizləyərək və onların daralmasına mane olaraq, astmanın yaxşılaşmasına yardımçı olur. Xroniki bronxitin qarşısını ala bilir.