BAKI, 22 noy-Sputnik. Əsrlər əvvəl müasir dərmanlar yox idi. Amma elə otlar var idi ki, onlar insanların həyatını xilas edirdilər. Günümüzün reallığı odur ki, bahalı dərmanlar, ardı-arası kəsilməyən prosedurlar dərdimizə əlac olmur. Amma sıradan bir ot, bizə həyatımızı və sağlamlığımızı geri qaytarır.
Elm aləminə malva və ya neglesta kimi məlum olan əməköməcidən xalq təbabətində geniş istifadə olunur. Bağ və bostanlarda, əkin sahələrində alaq otu kimi bitən əməköməci C vitamini və karotinlə zəngindir. Çiçəyindən alınan rəngdən yunun boyanmasında və şərabçılıqda istifadə olunur.
Azərbaycanda əməköməcidən göyərti şorbası, buğlama, dolma və digər yeməklərin hazırlanmasında istifadə olunur.
Əməköməcinin faydaları saymaqla bitməz. İltihab əleyhinə yaxşı vasitə olan bu bitkidən dəridəki çibanların, yaraların ağrılarını sakitləşdirmək üçün istifadə olunur. Sinəni yumşaldır, əla bir bəlğəmgətiricidir, təngnəfəsliyi aradan qaldırır və öskürəyi tez kəsir. Bu səbəbdən də soyuq qış aylarında əməköməcinin özündən və qurusundan bolluca istifadə etmək lazımdır.
Mədə və bağırsaqların düzgün işləməsini tənzimləməsi də əməköməcinin faydaları arasındadır. Qəbizlik kimi bağırsaq problemlərini asanlıqla aradan qaldırır. Bağırsaqları rahatlayır, asanlıqla işləməsini təmin edər. Mədə bulanmasının və qusmaların qarşısını alır, qastriti, ülsəri (mədə yarası), mədə ağrılarını aradan qaldırır.
Əməköməcinin qızdırmanı salmaq, orqanizmə rahatlıq gətirmək xüsusiyyəti də var. Boğaz və badamcıq iltihablarını aradan qaldırır. Zökəm, qrip, göy öksürək, bronxit, təngnəfəsliyin müalicəsində əvəzsiz vasitədir. Ağciyər xərçənginin müalicəsində də ondan geniş istifadə olunur.
Bu bitki üz dərisinin qırışlarını yaxşı əngəlləyir.
Əməköməci keçəlliyə, saçların tökülməsinə qarşı da yaxşı vasitədir. Başının tükü tökülən adamlar (xüsusilə keçəlləşən kişilər) əməköməcini əzərək, ya da ət maşınından çəkərək cunaya yaxaraq başa qoymalıdır. Səhərdən axşamacan başda qalan bu məlhəm yapışqan kimi başa yapışır. Yapışqan kimi başa yapışan əməköməcini təmizləyib səhəri gün bu proseduru təkrarlamaq lazımdır. Üç gün təkrarlanan bu prosedurun sonunda başda tüklərin əmələ gəldiyi müşahidə olunacaq. Tüklənmədən əziyyət çəkən insanlara bu bitkidən uzaq durmaları tövsiyə olunur.