BAKI, 20 noy — Sputnik. QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) "Avropa İİV-ə testləşmə həftəsi” kampaniyası çərçivəsində ilk aksiyanı Bakı Dövlət Universitetində keçirib.
Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə iştirak edən "Parni iz Baku” KVN komandasının üzvü, tanınmış aktyor Bəhram Bağırzadə tələbə gənclərə idmanla məşqul olmağı, sağlam qidalanmağı, tez-tez təbiətdə olmağı, aktiv istirahətə üstünlük verməyi və öz sağlamlıqlarına qarşı daha da məsuliyyətlə yanaşmağı tövsiyyə edib.
Aksiya zamanı mərkəzin mütəxəssisləri gənclərə İİV infeksiyası və ondan qorunma üsulları, sağlam və təhlükəsiz həyat tərzi barədə ətraflı məlumat veriblər. Tədbirdə könüllü olaraq 500 tələbə və universitetin əməkdaşları İİV-ə test müayinəsindən keçiblər.
Bununla yanaşı "Avropa İİV-ə testləşmə həftəsi” kampaniyası çərçivəsində Şamaxı Humanitar Kollecində də tələbələr üçün İİV-lə bağlı könüllü müayinə və məsləhət məntəqəsi təşkil olunub, onlara broşur və bukletlər paylanılıb.