Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Banklar barədə 5 mif

© Sputnik, Али МамедовСамир Алиев
Самир Алиев - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı Samir Əliyev: Yanlış olaraq belə fikir mövcuddur ki, bank bağlandıqda krediti qaytarmamaq olar.

BAKI, 20 noy — Sputnik. İqtisadçı-alim Samir Əliyev:

Hər bir Azərbaycan vətəndaşı bu və ya digər formada banklarla təmasda olur, onların xidmətindən istifadə edir. Kimisi əmanət yerləşdirir, kimisi kredit götürür, kimisi də hesab açır. Nağdsız ödənişlərin artdığı və informasiya texnologiyaların inkişaf etdiyi bir dövrdə bank xidmətlərinə müraciətlər artır. Ancaq bunlara baxmayaraq əhalidə banklar barədə miflər, yəni real olmayan fikirlər formalaşıb. Həmin miflər aşağıdakılardır:

Mif 1. Bankların çoxlu pulu var.

Banklar böyük məbləğdə pulları idarə etsə də həmin pullar heç də onlara məxsus deyil. Fiziki və hüquqi şəxslər artıq pullarını hesab açaraq banklarda yerləşdirir. Banklar isə həmin vəsaitləri idarə edir. Bankların kredit şəklində verdiyi pul da onların deyil. Kreditin az bir hissəsi bankın özünündür. Qalanları müştərilər kimi bankların da borca götürdüyü pullardır. Məsələn, bankın verdiyi kreditlərin əsas hissəsi əhalinin və müəssisələrin qoyduğu depozitlər təşkil edir. Bundan başqa xarici banklardan və Mərkəzi Bankdan müəyyən məbləğdə vəsait cəlb edilir. Ona görə də vətəndaş bank qarşısında öhdəliyi yerinə yetirə bilməyəndə, bank da borc götürdüyü qurum, o cümlədən əhali qarşısında öhdəliyi yerinə yetirməkdə çətinlik çəkir.

Mif 2. Bank bağlananda kredit ödənmir.

Yanlış olaraq belə fikir mövcuddur ki, bank bağlandıqda krediti qaytarmamaq olar. Adətən krediti qaytarmaqda çətinlik çəkən müştərilər belə arzularını gizlətmir. Reallıqda isə bankın bağlanması müştərini öhdəlikdən azad etmir. Çünki bank bağlandıqda Mərkəzi Bank xüsusi komissiya yaradır və həmin Komissiya kreditlərin alınması ilə məşğul olur.

Mif 3. Banklar kreditlərdən 20-30% qazanır.

Məlumdur ki, Azərbaycanda kredit faizləri yüksəkdir. Hətta bir neçə ay öncəyədək bank olmayan kredit təşkilatlarının bəzilərində kreditlərin illik faizləri 40%-ə çatırdı. İlk baxışdan həmin gəlirin bankların xalis qazancı olması fikri yaranır. Əslində bankların qazancı 4-5%-dən çox deyil. Əldə olunan gəlir kreditorlara və əməliyyat xərclərinə yönəldilir. Məsələn, həmin qazancın təxminən 13-15%-i depozitlərə gedir. Yerdə qalan 5-10%-i bankın əməliyyat xərcləri təşkil edir. Qazancın cüzi hissəsi banklara qalır.

Mif 4. Güclü bank əmanətə yüksək faiz verir.

Bir qayda olaraq kiçik banklar əmanətə yüksək faiz təklif edir. Çünki kredit vermək üçün əmanətlər onların əsas pul mənbəyidir. Əmanət bazarında iri banklarla rəqabət apara bilmələri üçün yüksək faiz təklif edirlər. Iri və güclü banklar isə müxtəlif mənbələrdə daha ucuz vəsait cəlb etdiklərindən əmanətlərə çox da önəm vermirlər. Buna görə də əmanətlərə görə aşağı faiz təklif edirlər.

Mif 5. Mərkəzi Bankda əmanət yerləşdirmək olar.

Bank sektoruna inamsızlıq ona gətirir ki, insanlar ya pullarını geri çəkirlər, ya da daha etibarlı bank axtarırlar. Bəzən belə fikirlər dolaşır ki, əmanəti ölkənin ən etibarlı bankına — Mərkəzi Banka qoymaq lazımdır. Əslindən bu kökündən yanlışdır. Çünki mərkəzi banklar əhalidən əmanət cəlb eləmir.

Xəbər lenti
0