CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İranda narkoman qadınların sayı artıb

© ufa-room.ruNarkomaniya
Narkomaniya - Sputnik Azərbaycan
Abunə olmaq
İranda 1 milyon 300 min nəfər narkotik maddə istifadəçisi var.

BAKI, 20 noy —Sputnik. İranda narkotik maddələrdən istifadə edən qadınların sayı 4 faizdən 10 faizə qədər artıb. Bunu İranın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (Behzisti təşkilatı) sədri Ənuşirvan Möhsini deyib.

Sputnik xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat verir.

Ə.Möhsini deyib ki, ölkədə 1 milyon 300 min nəfər narkotik maddə istifadəçisi var. "Narkotik istifadəçilərinin 22 faizi sənaye üsulu ilə hazırlanmış narkotik maddələrdən istifadə edir.".

O, qadınlar arasında narkotik maddələrin istifadəsinin artmasını və sənaye üsulu ilə hazırlanmış narkotik maddələrin istifadəsinin artmasının ölkənin Behzisti Təşkilatını əsas narahat edən məsələlər olduğunu bildirib.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhaninin qadın, ailə məsələləri üzrə müavini Şahindoxt Mövlaverdi isə ölkədə qızlar arasında narkotik maddələrdən istifadə yaşının 13 yaşa düşdüyünü bildirmişdi.

Ş.Mövlaverdinin sözlərinə görə, qadınlar arasında əsasən sənaye üsulu ilə hazırlanmış narkotik maddələrdən və metamfetamindən, kişilər arasında isə əsasən ənənəvi narkotik maddələrdən istifadə olunur.

İranın Məhkəmə Ekspertiza İdarəsinin açıqlamasına görə, İranda hər gün 8 nəfər narkotiklərdən sui-istifadəyə görə həyatını itirir.

Ölkədə narkotik maddələrin, xüsusilə də daha təhlükəli narkotik vasitələrin istifadəsi artıb. İranın şərq sərhədlərində, xüsusilə Əfqanıstanın işğalından sonra narkotik istehsalı iki-üç dəfə artıb.

Trend xəbər verir ki, hazırda İran həbsxanalarında saxlanılan şəxslərin 50 faizi narkotik maddələrin istifadəsi və qaçaqmalçılığında ittiham olunaraq saxlanılır. Bu rəqəm İranın bəzi əyalətlərində 65 faiz təşkil edir.

İranın Narkotiklərlə Mübarizə Təşkilatının rəsmisi Səid Qasimian bildirmişdi ki, İranda tiryəkdən sonra metamfetamin ikinci ən çox istifadə olunan narkotik vasitədir. 2007-ci ilin statistikasına əsasən, ölkədə narkotik istifadəçilərinin 3,6 faizi metamfetamin istifadəçisi olub, lakin bu rəqəm 2011-ci ildə 26,2 faizə qalxıb: "Hazırki araşdırmaların nəticəsinə görə, artıq ölkədə tiryəkdən sonra (52,2 faiz) metamfetamin ikinci (26,2 fiaz) ən çox istifadə olunan narkotik maddədir".

İranın Narkotiklərlə Mübarizə Təşkilatının rəsmi statistikasına görə, ölkədə hazırda bir milyon 350 min narkotik istifadəçisi var ki, onlardan 9,6 faizi (130 min nəfəri) qadındır. Statistik məlumatlara görə, narkotik istifadəçilərinin 75 faizi orta təhsilli, 21 faizi isə ali təhsillidir. Narkotik asılılığı olanların böyük əksəriyyəti 15-64 yaş arasındadır.

Xəbər lenti
0