KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən son zamanlar sui-istifadə halları artıb. Bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AzərTAc-a müsahibəsində bildirib.
Əli Həsənov qeyd edib ki, bəzi hallarda aparıcı KİV-lər də sosial şəbəkələrdə və məqsədli şəkildə fəaliyyət göstərən internet saytlarında yerləşdirilmiş dezinformasiyaları tirajlayaraq öz oxucularını çaşdırırlar. Belə məlumatlar yayan KİV-lər bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışırlar deyən Prezidentin köməkçisi bildirib ki, bu tipli fəaliyyət qanuna ziddir və birbaşa hüquqi məsuliyyət doğurur:
“Jurnalist birlikləri, xüsusilə Mətbuat Şurası hazırda müşahidə olunan mənfi meyillərin aradan qaldırılması istiqamətində əməli tədbirlər görməlidirlər. Əks-təqdirdə qanuna zidd fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcəkdir”-, deyə Əli Həsənov vurğulayıb.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli bildirir ki, çox vaxt informasiya mənbələri informasiyanın araşdırılması üçün lazım olan cavabı vermirlər, jurnalistlər isə informasiyanın opreativliyi itməsin deyə onu dəqiqləşdirmədən yaymalı olurlar:
“Mətbuat Şurasında Şikayətlər komissiyası fəaliyyət göstərir və o komissiyada KİV-lərdə getmiş qeyri-obyektiv jurnalist peşəkarlığına uyğun gəlməyən materiallardan olan şikayətlər qəbul olunur. Bu şikayətlərə baxılmaqla yanaşı həm də KİV-lərdə gedən qeyri-obyektiv, real olmayan faktlara əsaslanan materialların təsnifatı aparılır. Onların yaranma səbəbləri, bu səbəblərin aradan qaldırılması üçün təkliflərin hazırlanması yönündə təhlillər aparılır. Səbəbləri konkretləşdirəndə biz onları aşağıdakı kimi təsnif eləyə bilərik. Birinci qurupa qeyri-peşəkarlıq faktoru aiddir. Peşə davranışı kodeksinin birinci prinsipi informasiyanın obyektivliyi, qərəzsizliyi və necə təmin olunması barədə prinsiplərə aiddir. Bu prinsipləri bilməyən jurnalistlər və KİV qurumları qeyri-peşəkar davranırlar. Əldə etdikləri informasiyanın araşdırılmasını aparmırlar və çox vaxtdı əsaslandırılmamış informasiyalar bu baxımdan yayılır. İkinci faktor informasiyanı əsaslandırmalı olan informasiya qaynaqlarının düzgün fəaliyyət qurmaması ilə bağlıdır. Üçüncü faktor isə bilərəkdən qərəzli şəkildə yayılan əsaslandırılmamış informasiyalardır. Burada çox ciddi şəkildə problemlər məhz üçüncü təsnifatla bağlıdır”.
Müşfiq Ələsgərlinin fikrincə, ölkəmizdə sabitliyin qorunmasının əlehinə olan güc mərkəzləri qərəzli, qeyri-obyektiv və cəmiyyətdə ajiotaj yaradan məlumatları düşünülmüş şəkildə yayırlar:
“Bəzən anonim qeydiyyatdan keçirilmiş internet saytları yaxud da ki, bəzi KİV-ləri qərəzli şəkildə əsaslandırılmamış informasiyaları qeyri-dəqiq formada yayırlar. Bu cür qeyri-obyektiv və bilərəkdən əsaslandırılmamış informasiyaların yayılmasında müxtəlif səbəblər var. Bilərəkdən yayılmış qeyri-obyektiv informasiyanın səbəblərindən biri hansısa KİV-in, media qurumunun özünə reytinq toplaması ilə bağlıdır. Yəni onlar çalışırlar ki, sensasiyalı olan və yaxud da sensasiyalı görünə biləcək hansısa informasiyaları şişirdilmiş formada cəmiyyətə təqdim eləməklə oxucu auditoriyası qazanmaq, reytinq qazanmaq və bununla da özlərini tanınmış KİV qurumuna çevirmək istəyirlər”.
Mətbuat Şurası KİV-lərdə obyektiv əsaslandırılmamış materiallara görə məhkəməyə qədər baxış funksiyasını həyata keçirən bir qurumdur- deyə Müşfiq Ələsgərli qeyd edib:
“Peşə etikasını pozan KİV-lərə və jurnalistlərə qarşı hələlik Azərbaycanda iki model tətbiq olunur. Bunlardan biri Mətbuat Şurası müstəvisindədir, ikincisi isə məhkəmə müstəvisindədir. Mətbuat Şurası özü KİV qurumlarının həm monitorinqini aparır, həm də barəsində neqativ informasiya yayılmış qarşı tərəflərdən şikayətləri qəbul edir. Bəzən elə hüquqi-fiziki şəxslər olurlar ki, onlar nə məhkəməyə nə də ki, Mətbuat Şurasına müraciət eləmirlər. Məsələni özləri çözməyə çalışırlar. Ya qarşı tərəfi şirinikləndirən vədlər verirlər, yaxud da ki, onlara hədiyyələr verməklə o informasiyaları aradan qaldırmağa çalışırlar. Yaxud məlumatı yaymış KİV qurumuna hücumlar təşkil edirlər, xəsarətlər yetirməklə onları qorxudub məsələdən çəkindirməyə çalışırlar, bu cür hallara da təsadüf olunur. Amma, bu qətiyyətlə yol verilməz haldır. Azərbaycan hüquqi dövlətdir. Bu cür məsələlər hüquqi müstəvidə həll olunmalıdır”.
Qeyd edək ki, Azərbaycanda mətbuatla cəmiyyət arasındakı münasibətləri jurnalistlərin seçkili qurumu olan Mətbuat Şurası tənzimləyir.