BAKI, 20 noy — Sputnik. Bakı şəhəri, Nizami rayonu Qara Qarayev 119 ünvanında yerləşən 12 mərtəbəli yaşayış binasında yanğın baş verib. Məlumata görə, binanın birinci blokundakı elektrik şitində qəfil baş verən tüstülənmə çox keçmədən yanğına çevrilib.
Sakinlər dərhal Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə zəng vuraraq kömək istəyiblər. Təcili olaraq əraziyə Fövqəladə Hallar nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Bloku qatı tüstü bürüdüyündən və alovun mənzillərə keçmə təhlükəsi olduğundan binada yaşayan 49 ailə təxliyə olunub. Daha sonra yanğınsöndürənlər alovun mənzillərə keçmədən qarşısını ala biliblər.
Hadisə zamanı xəsarət alan olmayıb.