BAKI, 19 noy — Sputnik. Hərbi Hava Qüvvələrinin növbəti aviabazada yeni inşa edilən iki yaşayış binasının noyabrın 19-da açılış mərasimi keçirilib.
Sputnik-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində uçuş və texniki heyət, eləcə də onların ailə üzvləri ilə görüşən müdafiə naziri, general-polkovnik Zakir Həsənov nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını təbrik edib: “Son iki ay ərzində artıq beşinci binadır ki, inşa edilərək istismara verilir. O cümlədən elə sizin də hərbi hissədə daha bir beşmərtəbəli binanın tikintisinin sona çatdırılması nəzərdə tutulur. Yeni ilədək 500-dən artıq ailəli hərbi qulluqçular isti, geniş, təmirli və tam təchiz olunmuş mənzillərdə yerləşdiriləcəklər. Bundan əlavə, hazırkı vaxta kimi 1000-dək subay hərbi qulluqçu xidməti mənzillərlə təmin olunub.
Yaxın aylarda daha beş bina inşa ediləcək və ailəli hərbi qulluqçuların istifadəsinə veriləcək. Yaxın vaxtlarda Gəncə şəhərində 490 hərbi qulluqçu daimi mənzillə təmin olunacaq. Bu işlər planlı surətdə davam etdirilir.
Digər istiqamətlərdə də fəaliyyətlərimiz genişləndirilir. Müasir silah-sursat, döyüş texnikası, aviasiya vasitələri və avadanlıq alınaraq silahlanmaya daxil edilir, hərbi şəhərciklərin ərazilərində hazırkı tələblərə cavab verən yeni infrastruktur yaradılır. Görülən kompleks tədbirlər, hərbi sahəyə ayrılan maliyyə vəsaiti dövlətimiz, xalqımız və ölkə başçısının Silahlı Qüvvələrə göstərdiyi qayğının bariz nümunəsidir.
Qısa dövr ərzində ordumuz düşmənə zərbələr vuraraq əsas istiqamətlərdə onu sarsıdıb. Haqq işimizi davam etdirəcəyik. Ərazilərimizin işğaldan azad edilməsində digər qoşun növləri ilə bərabər aparıcı qüvvə heç şübhəsiz ki, həm də Hərbi Hava Qüvvələridir. Bu vəzifənin yerinə yetirilməsi bizim üzərimizə düşür. Əminəm ki, Azərbaycan əsgəri silahı gücünə xalqımızın və prezidentin etimadını doğruldacaq".
Yeni mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra Z. Həsənov və nazirliyin rəhbər heyəti yaradılan şəraitlə tanış olublar.