BAKI, 19 noy – Sputnik. Əvvəlkindən fərqli olaraq insanlar antibiotik dərmanların təsir etmədiyindən gileylənir. Bu səbəblə xəstəxanalara gündə yüzlərlə şikayət daxil olur.
Bəs necə oldu ki, əvvəllər öz təsirini tez büruzə verən bu cür dərmanlar indi istəniləni vermir. Bunun bir yox bir neçə səbəbləri var.
Birincisi gərəksiz və nəzarətsiz antibiotiklərin günümüzdə istifadəsi çox yayılıb. Ləbləbi udar kimi antibiotik udan bir cəmiyyət halına çevrildiyimizi asanlıqla demək olar. Artıq azyaşlı uşaqlar belə aptekə gedib antibiotik ala bilir.
İkinci bir səbəb və daha da mühümü yeyib içdiyimiz qidaların tərkibində “gizli antibiotik”lərin mövcud olmasıdır. Ona görə də, sonradan qəbul etdiyimiz antibiotik dərmanlar öz təsirini ya gec göstərir, ya da heç göstərmir.
Hal-hazırda dərman firmalarının istehsal etdiyi antibiotiklərin sadəcə 20%-ə qədərini insanların istehlak etdiyini yəqin ki, çoxumuz bilmirdik. Geridə qalan 80%-nin isə ev heyvanlarının, kiçik və böyük baş heyvanların yemlərinə qatıldığını hər halda bilmirdik.
Ət məhsullarını yedikcə antibiotiklərə qarşı bədənimizin müqaviməti daha da artır. Bu da, nə vaxtsa dərman atanda, həmin dərmanın bədənə təsirini gecikdirir. Tez xəstələnir, gec və çətinliklə sağalırıq.