BAKI, 19 noy-Sputnik. "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan iş adamlarından daha 3 nəfərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.
Sputnik xəbər verir ki, bu barədə Trend-ə etibarlı mənbədən məlumat verilib. Həmin şəxslər Azərbaycan Beynəlxalq Bankın Dubay filialının müdiri Adil Hüseynov, "City Devoloper" MMC-nin direktoru Ratmir Bəkirov və Azərinşaatservis" MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənovdur. Həbs müddəti uzadılanlardan daha biri isə "Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erhan Cavad Yavuzdur. Digər 11 nəfər təqsirləndirilən şəxsin həbs müddətinin yaxın günlərdə artırılacağı gözlənilir. Həbs müddəti uzadılan şəxslər hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.
Saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
ABB ilə bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və digər maddələrinə əsasən cinayət işi başlanılıb. Bankdan yüksək məbləğdə kredit götürərək vəsaitləri qaytarmayan bankın sabiq məsul vəzifəli əməkdaşları və iş adamları — Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş İlqar Abdullayev, Beynəlxalq Bankın Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucov, ABB-nin Dubay filialının müdiri Adil Hüseynov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security" MMC-nin baş direktoru İbrahim Hüseynov, "Azərinşaatservis" MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, "Azərinşaatservis" MMC-nin təsisçisi olduğu "Trek İnvest" SC-nin direktor əvəzi Əli Əlişov və "İnter Glass" ASC-nin direktoru Fariz Muradov və digər bir neçə nəfər həbs olunub.
Həmçinin ABB-nin sabiq rəhbəri Cahangir Hacıyev də istintaqa cəlb olunub. C.Hacıyev iş üzrə bir neçə dəfə ifadə verib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.