BAKI, 19 noy-Sputnik. Avropa İttifaqı Qonşuluq siyasəti ilə bağlı yeni prioritetlərini açıqladı.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən Sputnik-ə verilən məlumata görə, Avropa Komissiyası, Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Aİ-nın Ali Nümayəndəsi Avropa Qonşuluq Siyasətinin (AQS) yeni əsas istiqamətləri ilə bağlı icmal hazırlayıb. O, icmalda daha güclü qonşuluq üçün daha güclü tərəfdaşlıqlar təklif edir. Burada şərq və cənubdakı qonşularına münasibətdə İttifaqın yanaşması dəqiq izah edilib.
İcmaldan sonra üzv dövlətlərlə, tərəfdaş ölkələr, beynəlxalq təşkilatlar, sosial tərəfdaşlar, vətəndaş cəmiyyəti və elmi dairələrlə geniş məsləhətləşmələr aparılıb. "Sərhədlərimizin hüdudlarında və onlardan kənarda çətinliklərlə üzləşdiyimiz bir dövrdə qonşularımızla tərəfdaşlığın daha da güclənməsi Avropa İttifaqı üçün vacib məsələdir. Cümə günü Parisdə baş verən terror aktları, eləcə də Livan, Misir, Türkiyə və İraqda olan son hücumlar bir daha göstərir ki, biz qlobal səviyyəli təhlükə ilə üz-üzə gəlmişik və buna qarşı birləşmiş beynəlxalq icma mübarizə aparmalıdır. Biz birlikdə daha təhlükəsiz mühit qurmalı, ümumi regionda bir çox böhranları həll etməyə çalışmalı, ən kasıb ərazilərin inkişaf və rifahını dəstəkləməli, miqrasiyanın kökündə duran səbəbləri aradan qaldırmalıyıq. Bu, AQS-nın cari icmalında qoyulan məqsəddir ki, ümumi dəyər və maraqlarımızı təşviq edərək, tərəfdaşlarımızı həm də təhlükəsizlik məsələlərində əməkdaşlığın artmasına cəlb edəcəkdir. Bu gün bizim və tərəfdaşlarımızın cəmiyyətlərinin möhkəmliyini və ümumi məqsədlər naminə birlikdə səmərəli şəkildə işləmək qüdrətimizi artırmaq üçün yollar axtarır"- deyə ali nümayəndə-vitse-prezident Federiko Mogerini deyib.
Avropa Qonşuluq Siyasəti və İttifaqın Genişlənməsi Ətrafında Danışıqlar üzrə Komissar Yohannes Haan isə əlavə edib ki, onlar üçün ən təxirəsalınmaz çağırış qonşuluqdakı sabitliyin olmasıdır: "Münaqişələr, terrorizm və radikallaşma hamımızı təhdid edir. Ancaq yoxsulluq, korrupsiya və zəif idarəçilik də təhlükə mənbələridir. Buna görə də həqiqətən ortaq olan birgə maraqlarımız baxımından zəruri yerlərdə tərəfdaşlarımızla münasibətlərimizdə istiqamətləri yenidən müəyyən edəcəyik. Xüsusilə də iqtisadi inkişafda əsas diqqəti gənclərin məşğulluğu və səriştə qazanması məsələlərinə yönəltmək vacibdir".
Onun sözlərinə görə, sabitləşmə, fərqləndirmə və yiyələnmə AQS-da əsas siyasi prioritet kimi götürüləcək.
Haan həmçinin deyib: "Aİ AQS vasitəsilə universal dəyərlərə sadiq qalaraq, onları təşviq etməyə davam edəcək. Demokratiya, insan hüquqları, fundamental azadlıqlar və qanunun aliliyini təşviq etmək üçün daha səmərəli yollar araşdıracaq. Yeni AQS-da hərtərəfli iqtisadi və sosial inkişafın dəstəklənməsi istiqamətində səylər göstəriləcək. Gənclər üçün iş imkanlarının yaradılması iqtisadi sabitləşmə üçün görüləcək əsas tədbirlərə daxil olacaq. Təhlükəsizlik sektorunda, xüsusilə münaqişənin qarşısının alınması, terrorizmlə mübarizə və anti-radikallaşma siyasətləri sahəsində tərəfdaş ölkələrlə işin fəallaşması yeni fokus məsələ olacaq. Bir tərəfdən təhlükəsiz və qanuni mobillik, digər tərəfdən qanunsuz miqrasiya, insan alveri və insanların qeyri-qanuni şəkildə sərhəddən keçirilməsi digər prioritet məsələlərdir. Yekunda, tərəfdaşlarla enerji təhlükəsizliyi və iqlim sahəsində fəaliyyətə daha çox diqqət veriləcək. Daha çox çeviklik, effektivlik və yeni tərəfdaşlıq yanaşması Tərəfdaşlığın əsası kimi hər iki tərəf üçün siyasi prioritetlərin ünvanlanması baxımından Aİ öz qonşuları ilə münasibətlərində fokusu dəyişməyi təklif edir. Bu variant tərəfdaşlarla müzakirə ediləcək. Bu, onların prosesə yiyələnməsini artırmaq baxımından mühüm məsələdir. Məqsəd həm də üzv dövlətləri daha intensiv şəkildə qonşu ölkələrlə siyasətin müəyyən edilməsinə və onun həyata keçirilməsinə cəlb etməkdir."