BAKI, 18 noy — Sputnik. İran enerji sahəsində əməkdaşlıq edən zaman siyasi məqsədlərə üstünlük verdiyindən regional əməkdaşlıq uğurlu alınmır.
Bunu Sputnik-ə açıqlamasında ekspert İlham Şaban deyib.
Onun sözlərinə görə, İran enerji layihələrində əməkdaşlıq edərkən kommersiya şərtlərinə deyil, daha çox siyasi hədəflərə hesablanmış addımlara üstünlük verir.
“Bu da nəticədə heç də hər zaman uğurlu alınmır. Kommersiya baxımından sərfəli şərtlər olsa da, siyasi məqsədlər güdüldüyündən əməkdaşlıqlar alınmır və ya mövcud əməkdaşlıq inkişaf etmir”, — deyə ekspert vurğulayıb.
Ekspert əlavə edib ki, məhz siyasi məqsədlərin güdülməsinin nəticəsidir ki, Xəzər hövzəsində İran nə Azərbaycanla, nə də Türkmənistanla uğurlu əməkdaşlıq edə bilmir: “Yəni İran Xəzər dənizində də enerji sektorunda əməkdaşlığa uyğun kommersiya şərtləri əsasında deyil, siyasi müstəvidə yanaşdığından bu əməkdaşlıq alınmır. İran siyasi məqsəd güdərək Xəzərin hüquqi statusunu ortaya atır. Bu isə birgə regional əməkdaşlığa mane olur. Nəticədə də regional əməkdaşlıq arxa plana keçir və öz əhəmiyyətini itirir.
Məsələn İranla Türkmənistan arasında gücü iyirmi mlrd. kubmetr iki qaz nəqletmə kəməri mövcud olsa da, son on ildə Türkmənistanın İrana satdığı qazın həcmi 8 mlrd. kubmetri keçmir. Səbəb isə İran Türkmənistandan ucuz şərtlərlə qazı almasıdır. Buna görə də Türkmənistan qaz həcmini artırmaq istəmir. Digər məqam isə ondan ibarətdir ki, İran Türkmənistandan aldığı qazın müəyyən qismini barter yolu ilə ödəyir. Bu da İranın valyuta problemi ilə əlaqədardır.
Digər bir misal kimi Azərbaycanla İran arasında imzalanan svop sazişinin inkişaf etdirilməməsini çəkə bilərik. Çünki İran Azərbaycandan qazın tranzitinə görə 17-19 faiz tranzit haqqı alır. Ona görə də nə Azərbaycan, nə də Türkmənistan İranla qaz sahəsində əməkdaşlıqda maraqlı görünmür.”
Ekspert bildirdi ki, İran ancaq bazarlığa getdiyi ölkələrlə müzakirələrdə sərf edən variantlar olan zaman əməkdalıq edir ki, bu da bir çox hallarda kommersiya baxımından bahalı layihələr olur.
Qeyd edək ki, noyabrın 23-də keçiriləcək Qaz İxrac edən Ölkələrin Forumu (GECF, Gas Exporting Countries Forum) çərçivəsində Azərbaycan, Rusiya və Türkmənistan ilə qaz mübadiləsinə dair danışıqlar aparılacağı gözlənilir. Bu barədə İranın neft naziri Bican Zanqane bildirib. O deyib ki, baş tutacaq konfransda qaz layihələri ilə bağlı danışıqlar aparılmayacaq, çünki GECF üzvləri qaz bazarında öz aralarında rəqabət aparırlar.
“Biz ikitərəfli görüşlərdə Rusiya, Azərbaycan və Türkmənistan ilə qaz mübadiləsinə dair danışıqlar aparacağıq”, — deyə Zanqane bildirib.