BAKI, 18 noy — Sputnik. Rusiyaya məxsus A321 təyyarəsinin Misirin Sinay yarımadasında qəzaya uğramasından sonra dünya ölkələrində hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib. Artıq bir sıra aviaşirkətlər təhlükəli sayılan ölkələrə uşuşları həyata keçriməkdən ya imtina edib və yaxud da təhlükəsizlik tədbirlərini gücləndiriblər.
Bunu nəzərə alaraq “Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə müraciət etdik.
AZAL mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Sputnik-ə açıqlamasında bildirdi ki, AZAL-ın rəhbərliyinin tapşırığı ilə Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında, eləcə də Azərbaycanın bütün regional hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib: “Artıq bir neçə gündür ki, Azərbaycanın bütün hava limanları gücləndirilmiş iş rejimində işləyir. Bu tədbirlər qəzaya uğramış Airbus A321 təyyarəsinin göyərtəsində baş vermiş hadisə ilə əlaqədar görülüb.”
Onun sözlərinə görə, ölkənin hava limanlarının bütün təhlükəsizlik xidmətlərinin işinin dəqiq təhlili aparılıb, aviasiya təhlükəsizliyi rejimlərinin gücləndirilməsi ilə əlaqədar olaraq işçilərə yerində təlimat verilib.
Mətbuat xidmətinin rəhbəri onu da əlavə etdi ki, mülki aviasiya obyektlərində də müntəzəm yoxlamalar və nəzarət tədbirləri gücləndirilmiş iş rejiminə uyğun olaraq planlaşdırılmış qaydada həyata keçirilir.