BAKI, 18 noy — Sputnik. Barak Obama indi də basketbol komandasına sahib olmaq arzusuna düşüb.
Sputnik xəbər verir ki, ABŞ prezidenti Barak Obama Amerikada çap olunan jurnalda prezidentlik müddəti bitdikdən sonra nə işlə məşğul olacağı barədə arzularını dilə gətirib.
ABŞ-da kişilər üçün nəşr olunan GQ jurnalına müsahibə verən Obama deyib ki, o ABŞ Ali Məhkəməsinin hakimi olmaqdansa, daha çox basketbol komandasına sahib olmaq istəyir: “Mən hakim olmağa hazırlaşmıram, çünki temperamentim buna uyğun deyil, amma professional basketbol komandasının sahibi olmaq haqda fikirləşirəm.”
Obamanın Ağ Evdə 15 aydan sonra prezidentlik müddəti bitəcək və o yeni həyata başlayacaq.
Obama deyib ki, ABŞ-ın Milli Basketbol Liqasında komanda sahiblərindən biri olmaq istəyərdi. O, "Çikaqo Bullz" komandasının keçmiş oyunçusu, əfsanəvi Maykl Cordanın iştirak etdiyi klassik NBA oyunlarına tamaşa etməyi xoşladığını deyib.
Obama müsahibədə idmana həvəsindən tutmuş, Ağ Evə gəlməmişdən öncə gündə neçə siqaret çəkdiyinə qədər müxtəlif mövzulara toxunub. ABŞ prezidentinin sözlərinə görə, son beş ildə o, bir dənə də siqaret çəkməyib.
Obama Respublikaçıların irəlidə gedən namizədi haqda zarafat edərək, bildirib ki, 2016-cı ildə milyarder Donald Trampla prezident seçki kampaniyasında rəqabət aparmaq maraqlı olardı.
Konstitusiya ilə Obamanın üçüncü dəfə seçilməsi qadağan edilir.
Qeyd edək ki, Obama hüquq professorudur.