BAKI, 18 noy — Sputnik. “Dəmirbank” Milli Təhlükəsizlik Nazirliyinin həbs edilmiş Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun bankla əlaqələrinin olması, bununla bağlı bankın fəaliyyətinin araşdırılması barədə mətbuatda yazılanlara münasibət bildirib.
Xatırladaq ki, bank haqqında yayılan məlumatlarda deyilir ki, MTN-in bu günlərlə işdən azad edilmiş şöbə rəisi Rəşad Əmircanov Akif Çovdarovun kürəkəni olmaqla yanaşı, həm də “Dəmirbank”ın İdarə Heyətinin sədri Roman Əmircanovun yaxın qohumudur. Məlumatlarda deyilirdi ki, Akif Çovdarov qudası — Roman Əmircanov vasitəsi ilə külli miqdarda maliyyə vəsaiti leqallaşdırıb və həmin pullar “Qafqaz İnkişaf Bankı”nın Tiflis fililalına köçürüb. Buna görə Roman Əmircanovun ciddi nəzarət altında olduğu və həbs edilə biləcəyi bildirilirdi.
Bankın Marketinq departamentinin rəhbəri Anar Bayramov fins.az-a açıqlamasında bildirib ki, bankın fəaliyyətinin araşdırılması, qurumun İdarə Heyətinin sədri Roman Əmircanovun “MTN işi” ilə bağlı problemlərinin yaranması barədə deyilənlər həqiqətə uyğun deyil: “Bankımız normal qaydada fəaliyyətini davam etdirir, Roman Əmircanov həmişəki kimi işə gəlib-gedir. Bu gun (dünən- fins.az) hətta iclas keçirib. Yazılanlarda yalnız o doğrudur ki, onlar həqiqətən qohumdurlar. Bankın fəaliyyətinin araşdırılması, Roman müəllimin nəzarət altına alınması qətiyyən doğru deyil”.