BAKI, 17 noy — Sputnik. Noyabrın 14-də Parisdə baş verən terror hadisəsi bir daha Avropanın özünün təhlükəsizlik sistemində nə qədər ciddi problemlərin olduğunu ortaya qoydu.
Bunu Sputnik-ə açıqlamasında “Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, bu terror hadisəsinin Fransada baş verməsinin arxasında ciddi məqamlar durur: “Belə ki, bununla terrorçu qruplaşma Avropanın sütunlarından və aparıcı ölkəsi olan, terrorizmə qarşı aktiv mübarizə aparan, eyni zamanda təhülkəsizlik sisteminə görə dünyanın ilk onluğunda yer alan Fransanı hədəfə seçməklə bütövlükdə Qərbə meydan oxumuş oldu. Digər əsas məqamlardan biri isə, bugün hələ də Qərbdə bu terrorçu təşkilatlara dəstək verən qüvvələrin mövcud olmasıdır. Çünki belə bir terror aktının hazırlanması xeyli vaxt tələb edib və bu terrorçu təşkilatda həmin qüvvələrə arxalanaraq bu planı həyata keçiriblər. Bir daha deyirəm bu Qərb aləminə bir mesaj idi və bundan nəticə çıxarılmalı və dünya birliyi buna lazımi reaksiya verməlidir. Əks təqdirdə biz növbəti belə aktların şahidi ola bilərik.”
Politoloq onu da əlavə etdi ki, bu İŞİD-in taktikasıdır və bu terrorçu təşkilat hələ bir neçə ay bundan öncə Qərbi terror hadisəsi ilə təhdid etmişdi.
“Amma Qərb bundan lazımi nəticə çıxarmadı. Bu hadisə sübut etdi ki, artıq terror regional deyil, qlobal bir səviyyə alıb və hamı bu məsələdə bir araya gəlməlidir”, deyə Vəlizadə vurğuladı.
Qeyd edək ki, 14 noyabrda Parisdə baş verən terror aktları nəticəsində 129 nəfər həyatını itirib.