APA-nın məlumatına görə bu sözləri “Konstitusion hüquq və azadlıqların təmin olunmasında ölkədaxili və beynəlxalq təşkilatların əməkdaşlığının rolu” mövzusunda keçirilən Ombudsmanların Bakı Beynəlxalq Konfransında çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Ə. Həsənov bildirib ki, bu gün Azərbaycan müstəqil siyasət yürüdən, demokratik, dinamik inkişaf edən və yüksək beynəlxalq nüfuza malik ölkədir:
“Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunmasına ən böyük maneə Ermənistan- Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemindən yaranıb. Ermənistan- Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi 1991-ci ildən başlayaraq hərbi müstəviyə keçdiyi gündən Azərbaycan vətəndaşlarının insan hüquq və azadlıqlarının tapdanmasına,pozulmasına deyil eyni zamanda bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına ən böyük maneələrdən biri kimi çıxış eləyib.Mən bu münaqişə nəticəsində nəticələri sizin diqqətinizə çatdırmaq istəyirəm. 1992-ci ilin əvvəllərindən başlayaraq Dağlıq Qarabağın azərbaycanlılar yerləşən məntəqələrinə ermənilərin silahlı hücumları başladı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlıların yaşadığı Xocalışəhərində soyqırım törədildi və Xocalıda bir gecənin içində insan təfəkkürünə sığmayacaq dərəcədə vəhşiliklər həyata keçirildi.Dinc vətəndaşlar uşaq, böyük, yaşlı, qadın heç nəyə güzəşt edilmədən qətlə yetirildi.Bir gecənin içərisində 700-ə qədər insan qətlə yetirildi, 10 monlərlə insan şikəst edildi, didərgin salındı, əsir götürüldü və bir şəhər yerlə yeksan edildi. Daha sonra münaqişə davam etdirilərək Dağlıq Qarabağ (4 400 kv. km) və onun ərazisindən ətrafındakı 7 Azərbaycan rayonu (17 000 kv.km) ermənilər tərəfindən işğal olundu”.
Ə. Həsənovun sözlərinə görə, Azərbaycan Xəzər hövzəsini Qərb dövlətlərinin üzünə açan, bu ərazini beynəlxalq əməkdaşlıq arenasına çevirən ölkədir. Bu gün Azərbaycan həm də Avropanın enerjiyə olan ehtiyaclarının ödənilməsinə önəmli töhfə verir-deyə Əli Həsənov vurğulayıb.Prezidentin İctimai-siyasi məsələlər üzrə müşaviri deyib ki, Ermənistan Xəzər hövzəsi enerji resurslarının Avropa bazarlarına daşınmasında münasib məkanda yerləşməsinə baxmayaraq, geosiyasi mövqeyinin ona verdiyi bu fürsətdən istifadə etməyib ki, bu da onun üçün ağır nəticələrə səbəb olub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm də regionda demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təmin olunmasında ən böyük maneədir deyən Əli Həsənov qeyd edib ki, bu problem olmasaydı və yaxud vaxtında həllini tapsaydı, region ölkələri daha çox inkişaf edər, sülh və təhlükəsizlik daha etibarlı şəkildə təmin olunardı.
“Dağlıq Qarabağ münaqişəsi zamanında dayandırılsaydı, bu gün nə bölgədə, nə post sovet məkanında nə də ki,dünyada bu tipli münaqişələr olmazdı. Lakin, təssüflər olsun ki,buna qarşı görülmüş tədbirlərin həddindən artıq yumşaqlığı və yaxud ümumiyyətlə ikili standartlar çərçivəsində bu tədbirlərin görülməməsi bu gün bu münaqişənin davam etməsinə səbəb olub. Beynəlxalq hüquq normaları Cənubi Qafqazda xüsusilə ermənilər tərəfindən tam şəkldə pozulur və buna qarşı tədbirlər görülmür”.
Xatırladaq ki, hazırda Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Qarabağ uğrunda döyüşlərdə 20 mindən çox Azərbaycan vətəndaşı həlak olub, 100 000 nəfərədək yaralanıb, 50 000 nəfər isə əlil olub. İşğal edilmiş ərazilərdə bütün sosial, iqtisadi və mədəni infrastruktur dağıdılıb.