BAKI, 15 noy — Sputnik. Latınca “Entertain” sözündən götürülən əyləncə sözünün mənası “tutmaq” deməkdir. Əyləncə əsasən boş vaxtın parçasıdır. Dünyada hər gün bir çox insanın boş vaxtı var. İnsanlar bu zamanı aktiv keçirmək istəyirlər və çox vaxt əyləncə turizminə müraciət edirlər.
Əyləncə sənayesi XX əsrin əvvəllərindən etibarən meydana çıxmışdır. Onda əsas irəliləmə II Dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. 1930-1940-cı illərdəki ekonomik böhranı, o zaman keçirdikləri qaranlıq günləri unutmaq üçün adamlar müxtəlif əyləncə vasitələrindən istifadə etmişlər. Son illərdə də əyləncə turizmi daha da inkişaf edib.
Əyləncə turizmi dedikdə: müxtəlif attraksionlara, tematik parklara, akvaparklara, məşhur teatrlara, sirklərə, kazinolara, barlara getmək nəzərdə tutulur. Ayrıca karnavallara, festivallara, milli bayramlara getmək, tamaşaçı və ya azarkeş kimi idman yarışlarında iştirak etmək də, buna misal ola bilər.
Tematik parklara misal olaraq “Disneyland”i misal göstərmək olar. Dünyanın ən məşhur əyləncə parklarından biri olan “Disneyland” ABŞ-in Kaliforniya ştatının Anahaym şəhərində 1955-ci il 17 iyun tarixində Uolt Disney tərəfindən açılmışdır. “The Walt Disney Company” şirkəti tərəfindən ilk “Disneyland”ın tikintisinə 17 mln dollar xərclənmişdir, lakin tezliklə bütün yatırımlar 10 dəfə çox gəlir gətirmişdir.Tikilən vaxtı 36 hektar ərazini əhatə edirdi, attraksiyonların sayı 16-a, giriş bileti isə 1 dollara bərabər idi. İndi isə “Disneyland”ın müasir kompleksi əhəmiyyətli dərəcədə genişlənmiş və 200 hektarlıq ərazini əhatə edir. “Disneyland” bütün yaşda olan insanlar üçün nəzərdə tutulan əyləncə parkıdır. Anahaym şəhərindəki “Disneyland”dan başqa, Florida ştatında “Disney-World”, Parisdə “Avro-Disneyland”, Honqkonkda “Disneyland” və sonda Tokiada “Tokio-Disneyland” fəaliyyət göstərir.