BAKI, 12 noy — Sputnik. Azərbaycanda 1 noyabr parlament seçkilərindən sonra ölkədə yeni ictimai-siyasi situasiya yaranmaqdadır. Yeni ictimai-siyasi situasiyaya dünyada, regionda baş verən geosiyasi, geostrateji, geoiqtisadi vəziyyət, eyni zamanda ölkə daxilindəki iqtisadi-sosial duruma da öz təsirini göstərməkdədir. Yaranmış vəziyyət hakimiyyətlə yanaşı ölkə müxalifətini də gələcək fəaliyyətində korrektələr etməyə vadar edir. Bunu nəzərə alaraq ekspert Sülhəddin Əkbərə müraciət edik.
Yaranmış yeni durumda Azərbaycan müxalifətinin qarşısında duran vəzifələrdən danışan Sülhəddin Əkbər Sputnik-ə açıqlamasında bildirdi ki, dünyada və regionda baş verən geosiyasi və geoiqtisadi proseslər istər-istəməz Azərbaycandakı proseslərə təsir edir və etməkdədir.
“Artıq Azərbaycan yeni bir ictimai-siyasi dövrə qədəm qoyub. Ona görə də bütün cəmiyyət, istər siyasi qüvvələr, hakimiyyət, müxalifət, ziyalılar, gənclər vəziyyəti qiymətləndirib, ondan düzgün çıxış yolunu tapmalıdırlar ki, baş verə biləck hər hansı kataklizmlərdən cəmiyyət daha az itki ilə çıxa bilsin”, — deyə Sülhəddin Əkbər vurğuladı.
Ekspert hesab edir ki, Azərbaycan müxalifəti ilk olaraq yaranmış vəziyyəti ciddi surətdə təhlil etməli və bu qiymətləndirmədən sonra müxalifətin qarşısında duran vəzifələri müəyyən etməlidir: “Bu vəzifələr nədən ibarət olmalıdır? İlk olaraq vəziyyətdən çıxış yolu kimi əgər hər hansı hərəkat yaradılacaqsa, onun siyasi platforması hazırlanmalıdır. Bunun ardınca siyasi prosesə baxışı eyni olan siyasi qüvvələr fəaliyyətlərini koordinasiya etməlidirlər.”
Sülhəddin Əkbərin fikrincə, yeni mərhələdə Azərbaycan müxalifətinin birliyindən danışamaq tezdir: “Çünki Azərbaycanda siyasi müxalifətin birliyi sahəsində heç də müsbət təcrübə yoxdur və bu birliklər cəmiyyətdə nəinki müsbət qarşılanmır, əksinə qıcıq yaradır. Ona görə də mən hesab edirəm ki, bu məqamda fəaliyyətin koordinasiyası daha effektli olardı. Qalanını proseslərin gedişi göstərəcək. Ən başlıca məsələlərdən biri budur.”
Politoloq əlavə etdi ki, Azərbaycanda yeni siyasi şərait yeni vəziyyət yaradacağından, bu proses də öz növbəsində yeni müxalifətin ortaya çıxması ilə nəticələnə bilər.
“Və yaxud mövcud müxalifətin sıralarına yeni qüvvələr qoşulacaq. Hesab edirəm ki, yeni yaranmış vəziyyətdə Azərbaycanın biznes elitası öz qərarını verməlidir. Çünki bütün dünyada analoji situsiyalarda ilk növbədə biznes elitası önə çıxır və prosesin lokomotivi olur. Bilirsiniz ki, belə hallarda baş verən demokratik inqilabları demokratik burjua inqilabları adlanır. Bu prosesin də başında hər zaman biznes elita dayanıb”, — deyə ekspert qeyd etdi.
O bildirdi ki, buna görə də vəziyyətdən çıxış yolu kimi iki variant var: “Ya hakimiyyət yaranmış ictimai-siyasi vəziyyəti dəyərləndirib yuxarıdan aşağıya demokratik islahatlara gedir və yaxud da biznes elita önə çıxaraq xalqın dəstəyini alaraq ölkədə hakimiyyəti demokratik dəyişikliklərə getməyə vadar edir. Ya da özləri aşağıdan dəyişikliklərə başlayırlar. Bu baxımdan mən düşünürəm ki, yeni situasiyada ortaya ya yeni müxalifət çıxacaq və bunun da aparıcı qüvvəsi yenə də təkrar edirəm biznes elita olacaq. Ola bilsin ki, onlar ön planda olmasınlar, arxa planda dayanaraq prosesi idarə etsinlər. Və yaxud da hansısa formada müxalifətlə birlik yaratsınlar. Yəni istənilən halda yeni şəraitdə yeni impulslara ehtiyac var və bu impulsları biznes elita və hakimiyyət içərisindəki qüvvələr verə bilərlər.”