BAKI, 12 noy — Sputnik. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyev sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi.
1995-ci il noyabrın 12-də Azərbaycanda çoxpartiyalılıq əsasında ilk parlament seçkiləri və yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirilib.
MSK-nın rəsmi məlumatına görə, səsvermədə ölkə üzrə seçicilərin 86 faizi (3,5 mln. nəfər) iştirak etmiş, seçicilərin 92 faizi Konstitusiya layihəsini dəstəkləyib. Yeni Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi.
1996-cı il fevralın 6-da Prezident Heydər Əliyev sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edildi.
Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib.
Seçkilərdə proporsional sistem üzrə 25 yerdən 19-nu YAP əldə etmiş, AXCP və AMİP hərəyə 3 mandat qazanmışdı. Majoritar sistem üzrə isə 99 dairədən (Xankəndi dairəsindən savayı) 71-də qaliblər ilk turda məlum oldu. 28 dairədə ikinci tur və yeni seçkilər (26 noyabr və 6 fevral 1996) keçirildi. Bu seçkilərdən sonra YAP Milli Məclisdə ümumilikdə 54 yer qazandı, parlamentə 55 bitərəf deputat seçilmişdi.