BAKI, 11 noy – Sputnik. Yuxu xərçəngdən qorunmaq üçün ən əhəmiyyətli faktorlardan biridir. Çünki xərçəng hüceyrələrinin əhəmiyyətli bir qismi yuxu əsnasında öldürülür.
Sputnik azadqadin.az-a istinadən bildirir ki, yuxusuzluq orqanizmdə bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Qanda oksigen çatışmazlığı, dəyişikliklər meydana gəlir. Yuxusuzluq zamanı həmçinin ürək, ağciyər və hormonal xəstəliklər də özünü göstərir.
Hazırda dünyada ən çox yayılan və qarşısı alına bilinməyən xəstəlik məhz yuxusuzluqdur. Belə ki, dünyada hər on insandan beşi yuxusuzluğun müxtəlif növlərindən əziyyət çəkir. Alimlərin araşdırmaları nəticəsində məlum olub ki, yuxusuzluq zamanı insanda müxtəlif xəstəliklər əmələ gəlir.
Mütəmadi şəkildə 6 saatdan az yatmaq bir müddətdən sonra qandakı şəkərin miqdarını sürətlə artırır. Şəkərli diabetin yaranmasına səbəb bədəndəki insulinin hüceyrələrə nəqli zamanı yaranan pozğunluq nəticəsində qlükozanın qanda yığılması və bu zaman mədəaltı vəzin normadan artıq insulin ifraz etməsidir. İnsulini normada saxlayansa yuxudur. Yuxusuzluq həmçinin cinsi pozğunluğa və astma xəstəliyinin yaranmasına gətirib çıxarır.
Yuxusuzluğun yaratdığı digər bir fəsadsa xərçəng xəstəliyidir. Yuxu pozğunluğuna qarşı tədbir görülməzsə, bu, ölümlə nəticələnə bilər. Alimlərin qənaətinə görə, yuxusuzluq özünüöldürmə həddinə belə gətirib çıxarır.