BAKI, 11 noy — Sputnik. Son günlərdə respublika ərazisində yağan intensiv yağışlar bir sıra bölgələrdə ciddi fəsadlara yol açıb. İntensiv yağıntılı hava şəraiti nəticəsində bir sıra rayonlarda yaşayış məntəqələrinin həyətyanı sahələrini, evlərin zirzəmilərini su basıb, sürüşmə-çökmə nəticəsində evlərdə çatlar əmələ gəlib.
Yağan yağışların respublika ərazisində yaratdığı fəsadlarla bağlı məsələyə aydınlıq gətirmək üçün Ekologiya və Təbii sərvətlər nazirliyinin baş geologu Ələmdar Piriyevə müraciət etdik.
Piriyev Sputnik-ə açıqlamasında bildirdi ki, respublika ərazisində son günlər yağan yağışlar daha çox сənub bölgəsində düşdüyündən ən çox fəsad da bu bölgədə qeydə alınıb: “Belə ki, Azərbaycanın cənub bölgəsinə — Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabada normadan artıq yağışların düşməsi bir sıra yaşayış məntəqələrinə, infrastrukturlara və təsərrüfatlata ziyan vurub. İntensiv yağan yağışlar nəticəsində bir sıra yaşayış məntəqlərinin həyətyanı sahələrini və zirzəmilərini su və lil basıb. Bundan əlavə olaraq yaşayış məntəqlərinə gedən yollarda uşqunlar yaranıb, körpülər uşub. Sürüşmə-çökmə nəticəsində evlərdə çatlar əmələ gəlib. Daha çox fəsadlar Lənkəran, Lerik və Astarada qeydə alınıb. Lənkəranda dağətəyi 8-9 kəndə, Lerikdə 6-7 kəndə daha çox ziyan dəyib.”
Piriyevin sözlərinə görə, yağışların intensivliyi o həddə olub ki, hətta nazirliyin əməkdaşları yerlərdə normal monitorinq apara bilməyiblər: “Nazirliyin əməkdaşları sürüşmə-çökmə hallarının konturlarını müəyyən edə bilməyiblər.”
Baş ekoloq onu da əlavə etdi ki, cənub bölgəsindən fəqrli olaraq respublikanın şimal və qərb bölgələrində vəziyyət qismən normaldır. “Yəni, bu bölgələrdə elə də ciddi sürüşmə-çökmə halları qeydə alınmayıb. Sadəcə Bakı-Şamaxı yolunun 106-111 km-də qismən sürüşmə-çökmə halının aktivliyi hiss olunmaqdadır. Buradakı çatlarda genişlənmə müşahidə olunur”, —deyə Piriyev vurğuladı.
Abşeron yarımadasına gəldikdə isə Piriyev bildirdi ki, sürüşmə-çökmə aktivliyi daha çox Zığ, Masazır və qismən də Qaraçuxurda qeydə alınıb: “Aparılan monitorinqlər nəticəsində buradakı çatlarda genişlənmə halları müşahidə olunmaqdadır. Bayıl və Badamdar qəsəbəsindəki çatlarda isə nisbi sakitlikdir. Aktivlik müşahidə olunmur.”