Hazırda Azərbaycanda 43 bank fəaliyyət göstərir ki, onlardan 2-si dövlət, 41-i isə özəl banklardır. İqtisadçı ekspert Samir Əliyevin fikrincə, Azərbaycanda bankların sayının azalması əslində müsbət bir prosesdir:
“Mən düşünürəm ki, bu müsbət haldır. Çünki araşdırmalar da göstərir ki, Azərbaycan üçün 43 bank çoxdur. Bankların sayının azaldılmasına ehtiyyac var. Düşünürəm ki, onların sayı 30-dan az olmalıdır. 20-25, ən uzağı 30 olsa daha optimal olar. İndi biz müşahidə edirik ki, banklar çox əziyyət çəkir. Buna görə bankların sayının azaldılması normaldır. Bu onların özlərinin güclənməsi, eləcə də göstərdikləri xidmətlərin keyfiyyətinin artırılması baxımından müsbət rol oynayır”.
Xarici kapitallı bankların sayında da azalma baş verib. Belə ki, II rübün yekunlarına görə, xarici kapitallı bankların sayı “Evrobank”ın sektoru tərk etməsi səbəbindən 23-dən 22-yə enib.
İqtisadçı ekspert Nicat Hacızadə isə bankların sayının azalmasının ölkə pul-kredit sistemində bir sıra problemlər yaradacağını deyir:
“Bank sektorunun zəif olması sırf iqtisadiyyata və əhaliyə çox ciddi təsir göstərə bilər. Çünki bankların azalması ölkədə pul-kredit sistemində bir sıra problemlər yarada bilər. Əhalinin baklarda olan əmanətlərinin çoxunun qaytarılması riski formalaşır. Yəni əhali əmanətlərini götürməkdə çətinlik çəkə bilər. Bundan əlavə, kreditlərlə bağlı deyə bilərəm ki, əhalinin bir çox hissəsinin banklara kredit borcları var ki, banklar öz səlahiyyətlərindən qanuni şəkildə istifadə edib kreditlərin verilməsini bir az da tezləşdirə bilər. Yəni əhaliyə deyə bilər ki, artıq vaxt yoxdur, müəyyən kreditlər qaytarılmalıdır. Bundan başqa, biznes-kreditlər sahəsində sahibkarlığın inkişafına müəyyən qədər mənfi təsir göstərə bilər”.
III rübün yekunlarına görə, Azərbaycandakı banklar müştərilərinə 758 filialla xidmət göstərir. II rübün yekunlarına görə isə, bu göstərici 763 idi. Göründüyü kimi, 5 filial bağlanıb. Filiallarını bağlayan banklar isə bunu optimallaşdırma siyasətinin həyata keçirilməsi ilə izah edirlər.
Onu da qeyd edək ki, bütün bu azalmalara baxmayaraq, yerli bankların şöbələrinin sayında artım müşahidə olunur. II rübdə ölkə ərazisində 163 bank şöbəsi fəaliyyət göstərirdisə, indi bu rəqəm 165-ə qalxıb.