BAKI. 9 noy — Sputnik. Hərbi sənaye sahəsində Azərbaycan alimlərinin fəaliyyəti üçün geniş meydan var.
Sputnik xəbər verir ki, bunu bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş mərasimdə çıxış edən prezident İlham Əliyev deyib.
Dövlət başçısı deyib ki, hərbi sənaye sahəsində alimlərin qarşısında böyük vəzifələr dayanır: "Azərbaycanda hərbi sənaye yaradılıbdır. Artıq 10 ildir ki, Müdafiə Sənayesi Nazirliyi yaradılıbdır. Əgər o vaxt bu qərar qəbul edilməsə idi, bu gün biz sənayenin bu sahəsinin inkişafından bəhrələnə bilməzdik. Biz hazırda mindən çox adda hərbi təyinatlı məhsul istehsal edirik.
Ordumuzun tələbatının böyük hissəsini Azərbaycan özü təmin edir. Xüsusilə nəzərə alsaq ki, biz müharibə şəraitindəyik, bu, tarixi nailiyyətdir. Lazım olan texnikanı, silahları bəzi hallarda əldə edə bilmirik. Bəzi hallarda embarqolar var. Onların heç bir əsası yoxdur. Amma bu, başqa məsələdir. Biz bunu bilirdik. Bu gün Azərbaycan Ordusunun əsas təminatı daxili istehsal sayəsində mümkündür. Bilirəm, alimlər burada iştirak edirlər, amma daha da fəal iştirak etməlidirlər. Biz əlbəttə ki, müasir texnologiyalar alırıq. Onları aldıqca biz o texnologiya ilə tanış oluruq. Bizə lazım olan bütün növ silahları gələcəkdə özümüz istehsal edə bilərik. Heç olmasa o nümunələrdən istifadə edə bilərik. Ona görə burada Azərbaycan alimlərinin fəaliyyəti üçün çox geniş bir meydan var. Azərbaycan dövləti də öz tərəfindən çalışacaq ki, alimləri bu işlərə daha da böyük dərəcədə cəlb etsin."
Müstəqilliyimizin 25 illiyinə sanballı elmi əsər həsr edilməli
Çıxışı zamanı prezident Azərbaycan tarixi ilə bağlı görüləcək işlərə də toxunub: "İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olubdur. Çox şadam ki, mənim tövsiyəmlə İrəvan xanlığı haqqında çox sanballı elmi əsər yaradılıb, bir neçə xarici dilə tərcümə edilibdir. Bu əsərlər faktlar, həqiqətlər üzərində yaradılıb Müstəqillik dövrünə həsr edilən sanballı elmi əsər yaratmağın vaxtı gəlib çatıb. Gələn il biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. Hesab edirəm ki, o vaxta qədər əgər belə sanballı elmi əsər yaradılarsa, bayramımıza çox yaxşı töhfə ola bilər".
Azərbaycan tarixinin dünyaya çatdırılması zərurətinə toxunan İlham Əliyev deyib: "Azərbaycanın çox zəngin tarixi vardır. Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik. Zəngin tariximizin dünyaya çatdırılması vacibdir. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. "Erməni alimləri" xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Budur reallıq".
Azərbaycan dilini qorumalı
Dövlət başçısı Azərbaycan dilinin qorunması zərurətinə də toxunub: "Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik.
Ana dilimizin saflığının qorunub saxlanması vacibdir." Prezident bu gün bəzi hallarda dilimizə xaricdən müdaxilələr edildiyini və bu müdaxilələrin Azərbaycanda da dəstək qazandığını görəndə çox narahat olduğunu qeyd edib.
"Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq, ilk növbədə, öz ana dilini bilməlidirlər. Digər tərəfdən, imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun" — deyə dövlət başçısı əlavə edib.