CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

O biri dünyadakılarla rabitə mümkündürmü?!

© otherealParalel dünya
Paralel dünya - Sputnik Azərbaycan
Abunə olmaq
Ölünün adına duz tökməklə nəyə nail oluruq?

BAKI, 8 noy-Sputnik. İnsan özünü anlamağa başlayandan bu yana o biri dünya haqqında təsəvvürlər əldə etməyə çalışır: O biri dünya varmı? Öləndən sonra insanı nə gözləyir? Dinlərin cənnət-cəhənnəm barədə iddiaları nə dərəcədə əsaslıdır? Ruhlarla danışmaq mümkündürmü? Amma müasir insan hələ də bu suallara cavab tapmayıb. Çünki "o dünyadan" hələ ki, gələn və insanlara müfəssəl məlumatlar gətirən olmayıb. Biz indi o biri dünya barədə yalnız bəzi ehtimal və mülahizələr yürüdə bilirik. 

Sputnik Kayzen-ə istinadən o dünya və ruhlarla bağlı bəzi mülahizələri bölüşür.

Bir gün bu dünyaya gəldiyimiz kimi, bir gün də buradan köçməliyik. Bu, qaçılmaz bir həqiqətdir. İnsan artıq kiçik yaşlarından bu dünyanın hər birimizin müvəqqəti evi olduğunu anlasa, ölümü qəbul etmək daha da asanlaşar. Əlbəttə, bütün bunları anlasaq da, əzizlərimizi itirmək bizləri kədərləndirir. Onlar üçün darıxır, yanımızda olmalarını istəyirik. Görəsən, haqq dünyasına qovuşan insan üçün yaxşılıq etmək mümkündürmü? Onun ruhunu şadlandıra və ya qəmləndirə bilərikmi?..

Ölünün adına xörəyə duz tökmək

Yəqin, hər azərbaycanlı bu səhnənin şahidi olur: anamız, nənəmiz yemək bişirən zaman (adətən, bu, cümə axşamları baş verir) ölülərimizin adına qazana duz tökürlər. Ancaq duz tökənlərin özləri də bəlkə bunu nəyə görə etdiklərini bilmirlər. Öncə onu deyək ki, ölünün adına duz tökmək kimi bir göstəriş İslam dinində yoxdur. Sadəcə, bu bizlərdə bir ənənəyə çevrilib. Düzdür, bunu etmək günah deyil. Bəlkə də əzizinin adına xörəyə duz tökməklə yaxınları qəlblərindəki nisgili çıxarmış olurlar. Yeri gəlmişkən, qeyd edək ki, İslam şəriətində duz pakedici bir maddədir; məsələn, murdar bir şeyi duz anbarına yerləşdirsən, o, pak olur. Onu da deyək ki, ölünün adına xörəyə duz tökmək ənənəsi hər yerdə yayılıb, elə xristian dünyasında da.

Həyatda olmayan insanın ruhunu necə şad etmək olar?

Bəzən əzizinin ruhunu sevindirmək ürəyindən keçir. Ancaq bilmirsən bunu necə edəsən. Dinimiz bu barədə nələri tövsiyə edir, görəsən? Bu haqda bir çox hədislər var; məsələn, rəhmətə gedən insanın övladları, valideynləri, qohumları yoxsula, ehtiyaclıya əl tutub, mərhumun ruhuna hədiyyə edə bilər və bununla da əzizinin ruhunu şad etmiş olarlar. Maddi cəhətdən bunu etməyə imkanın yoxdursa, onda mərhumun ruhuna Quran oxuyub, dua edib, namaz qılıb hədiyyə edə bilərsən. Bu namaz qılındıqda isə niyyəti belə etmək olar: məsələn, «anamın (adını qeyd etmək yaxşı olardı — red.) ruhuna hədiyyə olaraq iki rükət namaz qılıram, qürbətən iləllah». Və ya başqa bir misal çəkək. Mərhum oructutan idisə və müəyyən səbəblərə görə orucunu tam tuta bilməyibsə, onda onun əvəzinə qəza orucu tutmaqla da ruhuna hədiyyə etmək mümkündür.

Bir gün Məhəmməd Peyğəmbərin (s.ə.s) yanına bir nəfər gəlib belə deyir: «Ey Allahın Rəsulu! Mən vəfat edən valideynlərimə necə yaxşılıq edə bilərəm?». Həzrət Məhəmməd (s.ə.s) belə cavab verir: «Bunu etməyin dörd yolu var: Allahdan onlar üçün bağışlanmaqlarını istəmək, ata-ananın (sağlıqlarında) verdikləri sözlərini yerinə yetirmək, valideynlərinin dostluq etdikləri şəxslərə hörmət etmək, ata-ananın vasitəsilə qohumluğun çatan insanlarla əlaqə saxlamaq».

Zalımın da bir ruhu var!

Yəqin, eşitmisiniz, deyirlər, filankəsə heç rəhmət də düşmür. Ölüdən-ölüyə nə fərq var axı? Onu qeyd etmək lazımdır ki, yuxarıda sadalanan əməlləri etməklə həyatda olarkən xeyirxah işlər görən ölünün ruhunu şad etmək mümkündür. Yəni pis bir insana nə qədər dua oxusan da, ruhuna hədiyyələr etsən də, bir faydası yoxdur. Əlbəttə, hər bir insan üçün doğması əzizdir. Zalım da olsa, pis də olsa, insan əzizinin ruhunu şadlandırmaq istəyər. Lakin mənəviyyatsız həyat tərzi sürən insanın ruhuna edilən hədiyyələrin savabı bunu edən insanın özünə qayıdacaq. Bilirsiniz bu nəyə bənzəyir? Təsəvvür edin, sizin bir əziziniz həbsxanaya düşüb. İndi siz onun üçün xoşladığı yeməkləri bişirib bir zənbildə oraya aparırsınız. Ancaq bunu ona çatdırmağa icazə vermirlər. Belə olduqda siz nə edərsiniz? Əlbəttə ki bu yeməkləri aparıb öz ailənizə yedizdirəcəksiniz. Yəni bu işin xeyiri özünüzə qayıdacaq. Beləliklə də ancaq mənəviyyatlı, xeyirxah bir insanın ruhunu şad etmək olar…

Onun borcunu kim qaytarsın?

Tutaq ki, bir nəfər rəhmətə gedir, ancaq onun kiməsə borcu qalır. Belə olduqda onun borcunu kim ödəməlidir? İslam şəriətinə görə, məsələn, rəhmətə gedən ata-ananın borcunu övladları ödəməlidirlər. Valideyn bu dünyadan köçüb gedəndə, adətən, övladlarına imkan daxilində nəyisə irs qoyub-gedir. Yaxşı, əgər sən atanın xeyirini görürsənsə, onda ziyanını da gör də! Dinimizə görə, bu, hər övladın üzərinə düşən bir vəzifədir. Ümumiyyətlə, mənəvi nöqteyi-nəzərdən mərhumun bütün övladları imkan daxilində birləşib, valideynlərinin borcunu ödəməlidirlər.

Şəriətimizdə belə bir məsələ də var ki, mərhum valideynin borcunu ödəmək əsasən böyük oğulun üzərinə düşür. Bu da atadan övladlarına çatan fərqli irs payına görədir; məsələn, İslam şəriətinə görə, oğlanlardan fərqli olaraq qızlar yarım pay irs alırlar. Ona görə mərhumun qızlarına da yarım pay irs çatırsa, onlar valideynlərinin yarım pay borcunu ödəyə bilərlər. Əlbəttə, elə ola bilər ki, atadan övlada heç bir irs keçməsin. Ancaq yenə də mənəvi baxımdan övlad imkan daxilində valideyninin borcunu ödəməlidir.

Dua oxumaq elə çətindirmi?

Adətən, qəbirüstünə çıxanda doğmamızın ruhuna Quran oxutdururuq. Bəziləri deyə bilər, ölüyə nə dua, torpağa basdırılır, bədəni də çürüyüb gedir! Ancaq gəlin unutmayaq ki, insanın fiziki vücudu ilə yanaşı, ruhu da var. Mənəviyyatlı bir insanın ruhuna oxunan Quran ayələri, dualar onun ruhunu şad edər. Özü də bu ayələri, duaları çox rahatca özümüz də oxuya bilərik. Və şəxsən öz dilimizdən əzizimizin ruhunu şad edə bilərik. Məcbur deyil ki, bu işi mütləq kimsə başqası görsün. Qəbirüstündə «Yasin», «Cümə», «Fələq», «Nas» və s. surələr, dualar oxuna bilər.

Əməl dəftərimizin boş qalan səhifəsi

İnsan bu dünyanı tərk edəndə dolu bir əməl dəftəri ilə Axirət həyatına qədəm basır. Bir çox hədislərdə qeyd olunur ki, insan vəfat edəndən sonra onun əməl dəftərinin bir səhifəsi boş qalır. Görəsən, bu səhifəni kim və nə vaxt doldura bilər? Axı insan artıq dünya həyatında yaşamır? Sən demə, insan bu boş səhifəni hələ də ya pis, ya da xeyirli əməlləriylə doldura bilər! Necə? Məsələn, əgər sən özündən sonra xeyirxah övlad qoymusansa və o, cəmiyyətə fayda verirsə, bunun savabı sənin o boş səhifənə yazılır. Əgər sən sağlığında məscid, körpü, bulaq, xəstəxana və s. faydalı ocaqlar yaradıbsansa, o müddətdə ki insanlar bu şeylərdən faydalanır, sənə duaçı olur, sənin bu boş səhifən savab işlərlə dolmaqda davam edəcək. Özündən sonra şər işlərin yayılmasına səbəb olarsansa, insanlar sənin sayəndə ziyana uğradıqları müddətdə boş səhifən də pis əməllərlə dolmaqda davam edəcək.

Vəsiyyəti yerinə yetirmək, yoxsa unutmaq?

İnsan ölümündən əvvəl (Allahın buyuruqlarına zidd olmayan!) bir işi yerinə yetirməyi övladlarına tapşırırsa, uşaqları bunu mütləq etməlidirlər. Bu vacibdir! Əlbəttə, bu məsələdə istisna hallar da ola bilər; məsələn, əgər valideyninin tapşırığını yerinə yetirməyə övladın maddi və başqa imkanları çatmırsa, bir sözlə, bu işin icra olunması onun üçün problemlər yaradırsa, o bunu etməyə də bilər. Belə bir sadə misal gətirək. Bir kişi ölümündən əvvəl oğlu və ya qızına tapşırır ki, kəfənləmədən öncə ona hansısa sevimli paltarını geyindirsinlər. Bu xahişi mütləq yerinə yetirmək lazımdır. Ancaq məsələn, əgər ata övladlarına onu evinin həyətində basdırmağı tapşırırsa, bu, el arasında yayılmayan bir əməl olduğundan övladları bu işi görməyə də bilərlər. Və ya ola bilsin ki, mərhum ölümündən öncə ona mərmərdən başdaşı qoymağı vəsiyyət edir. Əgər övladlarının buna imkanları çatmırsa, bunun üçün borc-xərcə düşəcəklərsə, bu işi həyata keçirməyə də bilərlər.

Odur ki imkan daxilində xeyirxah, inanclı doğmalarımızın ruhunu şad etməyə çalışaq və özümüz də gələcəkdə ruhumuzun şad olması üçün mənəviyyatlı insan olmağa səy göstərək!

Xəbər lenti
0