Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pullarınıza qənaət edin, ağır dövr gəlir

© report.azPul
Pul - Sputnik Azərbaycan
Abunə olmaq
Belə vəziyyətlərdə ofis, telefon və elektrik xərclərinə qənaət etmək üçün işçilərin evdə işləməsinə şərait yaratmaq lazımdır.

BAKI, 8 noy —Sputnik. Tez və ya gec istənilən şirkətin həyatında çətin maliyyə böhranı dövrü gəlib çatır. Bəzi şirkətlərdə bu dövr yüngül şəkildə və bir neçə ay ərzində keçib gedir. Digərlərində isə illərlə davam edə bilər. Lakin hər iki qrup şirkətləri vəziyyətdən tezliklə çıxmaq, məsrəfləri minimuma endirmək, gəlirləri isə maksimum artırmaq istəyi birləşdirir.

Hər bir şirkətin pul vəsaitlərinə qənaət etmək imkanları var. Əsas məsələ bu imkanları vaxtında aşkar edib, onlardan yararlanmaqdır. Son dövrlərdə neftin qiymətlərinin ciddi şəkildə enməsi, milli valyutanın devalvasiyaya uğraması, iş yerlərinin ixtisar edilməsi, maaşların kəsilməsi və s. onu göstərir ki, qarşıda bizi ağır zamanlar gözləyir. Sputnik NLP üzrə mütəxəssis Babək Bayramovun maliyyə dövründə şirkətlərin nəyə qənaət etməli olduqlarına dair fikirlərini təqdim edir:

1. Sərmayələrə qənaət

Şirkətin özünün gələcək mövcudluğu məsələsi gündəmə gəldikdə, hələ yaxın keçmişdə ali səviyyədə müzakirə olunan ümidverici sərmayə planları yaxşı dövrlər gələnə qədər təxirə salınır. Belə ki, dünya Bankının qiymətləndirmələrinə görə, dünya iqtisadi böhranı dövründə (2009-2011-ci illər) inkişaf etməkdə olan ölkələrə sərmayə qoyuluşu 45-60% azalıb.

«Biznesin uğurlu olması üçün aşağı məsrəflərlə birinci və ikinci dərəcəli məqsədlərə çatmağı bacarmaq son dərəcə vacibdir. Əgər çətin dövrlər gəlib çatırsa, şirkət daha çox yeni sərmayə layihələrində qənaət edir», — deyə Prime Personel şirkətinin təlim departamentinin rəhbəri Səbinə Rzayeva bildirir.

Eyni zamanda həddindən artıq səy göstərib tamamilə bütün investisiya layihələrini ləğv etmək də lazım deyil. Böhran nöqtəsini keçdikdən sonra şirkətin gələcək inkişafını təmin edəcək minimum həcmdə sərmayələri saxlamaq lazımdır.

2. Əməliyyat məsrəflərinə qənaət

Şirkətin əməliyyat məsrəflərini diqqətlə nəzərdən keçirsək (ofisin icarəsi, əməkdaşların telefon rabitəsi məsrəfləri, elektrik enerjisi haqqı və s.), o zaman qənaət üçün çoxlu imkanlar tapmaq olar.

Məsələn, şəhərin daha ucuz yerində daha az sahə tutan ofis icarəyə götürmək mümkündür, ezamiyyət xərclərini ixtisar etmək olar, video-konfrans imkanlarından istifadə etmək, əməkdaşların bir hissəsini evdə, məsafədən işə keçirmək.

Böhran illərində Rusiya şirkətlərinin davranış təcrübəsi göstərir ki, müəssisəyə kəskin zərər vurmadan əməliyyat məsrəflərini ümumi məbləğin 30%-nə qədər ixtisar etmək mümkündür.

«Biznesdə qənaət prinsipi nağd pula qənaət edilməsi mənasını verir. Böyük satış həcminə malik olan, lakin nağd vəsaiti olmayan şirkət biznesdən kənarlaşmaq riski ilə qarşılaşır. Aşağı satış həcminə malik, iri nağd pul vəsaitinə malik şirkət isə hətta ən çətin dövrə də tab gətirər», — deyə Səbinə Rzayeva bildirir.

3. Vaxta qənaət

«Böhran dövrü gələndə biz vaxta qənaət etməli oluruq. Hər şey qaydasında olanda, insanlar öz vaxtlarının düzgün bölüşdürülməsini unudurlar. Şirkəti sabitlikdən çıxaran xarici amillər meydana çıxdıqda isə, zaman sizin əsas alətinizə çevrilir ki, onun da düzgün bölüşdürülməsi şirkətin vəziyyətini tezliklə yaxşılaşdırmağa imkan verir», — deyə Prosper LLC şirkətinin layihə meneceri Aydan Qarayeva bildirir.

Şirkət əməkdaşlarının öz vaxtlarını nə dərəcədə səmərəli şəkildə istifadə etdiklərini anlamaq üçün vəziyyəti ciddi şəkildə təhlil etmək lazım olacaq. Məsələn, sizin satış mütəxəssisiniz bir saat ərzində neçə müştəriyə zəng vura bilir? Yeddi, beş, yoxsa üç? Bəs imkanlardan maksimum istifadə etmək şərti ilə bir saat ərzində neçə müştəri ilə əlaqə saxlamaq olardı?

Təcrübə aparın: əvvəlcə işçinin adi rejimdə məhsuldarlığını qiymətləndirin, sonra isə necə deyərlər, icraçının «başının üstündə dayanın», tapşırığın təcili yerinə yetirilməsini tapşırın. Sonra isə nəticələri müqayisə edin. Aldığınız fərq elə şirkətin qənaəti üçün imkanlarını göstərəcək.

Lakin dəqiq anlamaq lazımdır ki, sizin əməkdaşlar bu rejimdə uzun müddət işləyə bilməyəcəklər. Bu üsuldan, təyyarədə olduğu kimi, qısa məsafəyə sürətlə şığımaq üçün forsaj rejimi kimi istifadə etmək lazımdır.

4. Reklamda qənaət

Sirr deyil ki, böhran dövründə ilk növbədə reklam büdcəsi «qayçı altına» düşür. Bu təbii prosesdir, lakin yaddan çıxarmaq olmaz ki, reklam fəaliyyəti başa çatdıqdan sonra, ətalət sayəsində, müştərilər çox qısa müddət ərzində sizin malı almaqda davam edəcəklər.

Şirkətiniz reklamından tam imtina etməyin. Məhsulunuz və ya brendiniz barədə xatırlatmalar, bazarda rəqiblərin sayının azalması fonunda sizə yaxşı xidmət edəcək.

Həmçinin malların bazarda yeridilməsi üçün daha ucuz reklam və üsullara da diqqət yetirmək lazımdır: internet, birbaşa elektron məktub yollanması və s.

Eyni zamanda, elə uğurlu şirkətlər var ki, onlar böhranın ən qızğın vaxtında, əksinə, reklam xərclərini artırıblar. Onlar həm media bazarında reklam xidmətlərinə tələbatın azalması ilə bağlı olaraq, qiymətlərin ümumi azalmasından, həm də maliyyə problemləri ilə əlaqədar olaraq, rəqiblərin zəifləməsindən istifadə ediblər.

Nümunə üçün KIA şirkətini misal gətirmək olar. Belə ki, böhranın davam etdiyi 2009-cu ildə reklam büdcəsini 7 dəfə artırıb ki, bu da onu Rusiya bazarında ən iri avtomobil satıcılarının ilk beşliyinə daxil olmağa imkan verib.

5. İşçi heyətinə qənaət

Bu məsələdə qənaət, şirkətin gələcəyi üçün ən mübahisəli, məsuliyyətli və təhlükəli bir maddədir. Digər məsrəflərə qənaətdə olduğu kimi, burada da əsas prinsip «ziyan vurmamaq» prinsipidir. Şirkətin hər bir əməkdaşının nə qədər pul gətirdiyi barədə də dəqiq məlumatlar olmalıdır. Aydındır ki, ixtisarları elə «pul gətirməyən» işçilərin özlərindən başlamaq lazımdır.

Bəzi şöbələrin funksiyalarının autsorsinqə verilməsi variantını da nəzərdən keçirin. Şöbənizin saxlanması xərcləri ilə kənar şəxslərin analoji xidmətlərinin dəyərini müqayisə edin. İlk növbədə bu hüquqşünaslara, mühasiblərə və İT mütəxəssislərinə aiddir.

Bəzi şirkətlərin böhran dövründə istifadə etdikləri populyar iş variantı — digər şöbələrin əməkdaşlarının ixtisara salınaraq satış şöbəsinin işçilərinin sayını artırmaqdır.

Xəbər lenti
0