BAKI, 7 noy-Sputnik. G-20 liderlər zirvəsində iştirak etmək üçün Türkiyəyə gedəcək Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləziz, Antalyadaki "Mardan Palace"ı 18 günlüyə bağladıb. 1000 nəfərlik heyətlə oteldə qalacaq Kral bunun üçün 18 milyon dollar ödəyəcək.
G-20 zirvəsi çərçivəsində dünya liderlərini qəbul edəcək Antalyaya Səudiyyə Ərəbistanı Kralı Salman Bin Əbdüləziz 1000 nəfərlik heyətlə, özü də tədbirdən bir neçə gün əvvəl gedəcək və tədbirdən bir neçə gün sonra qayıdacaq.
Səudiyyənin təhlükəsizlik orqanlarının əməkdaşları kral gəlmədən əvvəl "Mardan Palece"a gələrək təhlükəsizlik tədbirləri görəcək. Kral üçün özəl aşbazı və xidmətçiləri olan kral dairələri hazırlanacaq, ona xidmət edəcək otel heyətinə xüsusi təlimlər keçiləcək. Yataqdan tutmuş elektrik cihazlarına qədər dünyanın məşhur markaları ilə bəzədilmiş dairələrdə Kralın xüsusi alışqanlıqları nəzərə alınacaq, bəzi şeylər onun üçün istifadəsi rahat vəziyyətə gətiriləcək. Daha əvvəl yayılan xəbərlərdə bildirilirdi ki, Kral Salmanın "Mardan Palace"da ayaq basacağı ilk nöqtədən helikopter meydançasına qədər keçəcəyi bütün yollara qırmızı toxunma xalılar döşənəcək.
Ötən yay Kral Salmanın sərəncamındakı 700 nəfərlə tətil etdiyi Fransanın Cote d'Azur bölgəsində ciddi təhlükəsizlik tədbirləri görülmüş, Kralın olduğu bölgədəki bir çimərlik də kənar şəxslər üçün qapadılmışdı. Çimərliyin Kralın təhlükəsizliyi səbəbindən ictimaiyyətə bağlanması fransızların narazılığı ilə qarşılanmışdı. İnternetdə başlanan və 100 min nəfərin dəstək verdiyi imza kampaniyasında, girişi qadağan edilən çimərliyin dövlət malı olduğu bildirilir, bu səbəbdən də hər kəsə açıq olması tələb edilirdi.
"Mardan Palace" 23 may 2009-cu ildə açılıb. Otelin açılışına dünyanın məşhur şəxsləri — Meray Keri (Mariah Carey), Riçard Gir (Richard Gere), Şeron Stoun (Sharon Stone), Monika Belluci (Monica Belluci), Tom Con (Tom Jones) və Qazaxıstan prezidenti Nursultan Nazarbayev qatılmışdı. Otelin önündəki çimərliyə Misirdən 9 min ton qızıl rəngli qum gətirilmişdi. Bu qum günəşdə ayağı yandıracaq dərəcədə qızmar olmaması, ayağa yapışmaması (quru və ya islaq halda) ilə məşhurdur.
Antalyadakı "Mardan Palace" oteli üçün bu yaxınlarda təşkil olunan satış tenderində "Halk Bank" qalib gəlib. 719 milyon lirə borcla satışa çıxarılan oteli "Halk Bank" 360 milyon lirəyə alıb. Azərbaycan əsilli Rusiyalı iş adamı Telman İsmayılovun 1.4 milyard dollar sərmayə qoyaraq 6 il əvvəl açdığı otel bir müddətdir ki, maliyyə sıxıntıları ilə gündəmdə idi. İyun ayında "Halk Bank"a olan 65 milyon dollarlıq borcu səbəbindən icraya verilən və bankla otelin sahibi Telman İsmayılov arasındakı razılaşmaya əsasən satışı son anda dayandırılan Mardan Palace Hotel, Garanti Bankına olan 207 milyon TL-lik borcu səbəbindən satılıb.