BAKI, 6 noy-Sputnik. "Ümumilikdə, dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin tənzimlənməsinin 2015-ci ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur".
Sputnik-in xəbərinə görə, bunu Tarif Şurasının katibi İlkin Məcidov deyib. O bildirib ki, Tarif Şurasının bir neçə iclası keçirilib və qiymətləri təsdiq edilən dərman vasitələrinin sayı 3 mini ötüb.
Məcidovun sözlərinə görə, bunlardan Şuranın əvvəlki qərarları ilə qiymətləri təsdiq edilmiş təsiredici maddə qrupuna aid olan 1151 dərman vasitəsinin qiyməti artıq qüvvədədir: "Rəqabət mühitinin pozulmaması və əczaçılıq subyektləri üçün qiymətlərin dərman vasitələrinin üzərində yerləşdirilməsi, mal qalıqlarının yenidən qiymətləndirilməsi, istehsalçılarla hesablaşmaların aparılmasının vaxt tələb etməsi nəzərə alınaraq, yeni təsiredici maddələr üzrə qiymətləri təsdiqlənmiş digər 1110 dərman vasitəsinin qiyməti 1 dekabr tarixindən, 749 dərman vasitəsinin qiyməti isə 21 dekabr tarixindən qüvvəyə minəcək".