AZƏRTAC-ın verdiyi məlumata görə, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ATƏT-in DTİHB-un Azərbaycanda keçirilən parlament seçkilərində müşahidəçi qismində çıxış etməməklə seçkiləri müşahidə praktikasında xoşagəlməz presedentə imza atdığını deyib.
Ə. Həsənov bildirib ki, Milli Məclisə seçkilər demokratik prinsiplərə uyğun, şəffaf, ədalətli keçirilib və Azərbaycan xalqının iradəsini əks etdirib.O qeyd edib ki, Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, bütün dünyanı əhatə edən 30-dan artıq müşahidə missiyası seçkilərə yüksək qiymət verib. Ə.Həsənov həmçinin Avropa İttifaqının Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun, şəffaf, əhatəli şəkildə keçirildiyini və yeni parlamentlə əməkdaşlığa hazır olduğunu bəyan etdiyini də qeyd edib.Prezidentin ictimai-siyasi məsələr üzrə müşaviri vurğulayıb ki, bütün bunları nəzərə alaraq, birmənalı şəkildə demək olar ki, Milli Məclisə seçkilərin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) tərəfindən müşahidə edilməməsi seçkilərin legitimliyinə kölgə sala bilməz.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan hökuməti müşahidə üçün ATƏT DTİHB-yə müraciət ünvanlayıb və dəfələrlə missiyanın fəaliyyəti ilə bağlı müzakirələr aparmağa açıq olduğunu bildirib.Təəssüf ki, ATƏT DTİHB bu təşəbbüsü layiqincə qiymətləndirməyib və birtərəfli qaydada Azərbaycana missiya göndərməkdən imtina edib. Hesab edirik ki, bu, dövlətlərarası kollegial qurum olan ATƏT-in Nizamnaməsinə və prinsiplərinə uyğun gəlməyən, siyasiləşmiş qərardır.
Xarici İşlər Nazirliyi isə xüsusi açıqlama yayıb. Açıqlamada deyilir ki, bəzi dairələrin seçkiləri “boykot” etməsi və ya seçici fəallığının az olması və guya Azərbaycan tərəfindən ATƏT DTİHB-na seçkiləri müşahidə etmək üçün imkanın verilməməsi barədə əsassız iddiaların irəli sürülməsi, seçkilərin nəticələrinə kölgə salmaq cəhdləri qəbuledilməzdir.
Açıqlamada həmçinin bildirilir ki, ATƏT seçkiləri 30 uzunmüddətli, 350 qısamüddətli müşahidəçi ilə izləmək istəsə də, Azərbaycan tərəfi ölkə əhalisinin sayı və 125 seçki dairəsinə uyğun olaraq, 6 uzunmüddətli və 125 qısamüddətli müşahidəçinin təyin edilməsini məqbul sayıb. “ ATƏT DTHİB guya Azərbaycan tərəfindən müşahidəçilərinin sayına məhdudiyyət qoyulduğunu bəhanə gətirərək, Azərbaycanda keçiriləcək parlament seçkilərinə seçki müşahidə missiyası göndərməmək barədə bəzi dairələrin təsiri altında mandatına zidd şəkildə birtərəfli qərar qəbul edib. ATƏT DTHİB-in birtərəfli qaydada belə bir qərar qəbul etmək səlahiyyəti yoxdur. Bu təsisat mandatına uyğun olaraq, seçkilərin təşkil edilməsində üzv dövlətlərə texniki dəstək göstərməlidir.Mandatın ciddi şəkildə pozulması ilə müşayiət olunan bu cür qərəzli və qeyri-peşəkar davranışdan sonra ATƏT DTHİB və bəzi digər dairələrin Azərbaycanda keçirilmiş seçkilərin nəticələri barəsində hər hansı fikir söyləməyə heç bir əsası yoxdur”
YAP-ın icra katibi Əli Əhmədov isə bildirib ki, bəzi beynəlxalq qurumlar, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərdən və seçkilərin izlənməsi missiyasından siyasi təzyiq vasitəsi kimi istifadə etmək ənənəsinə malikdirlər. Seçkilər və seçkiləri izləmək, müşahidə etmək hər hansı siyasi məqsəd və niyyət güdmədən həyata keçirilməlidir. Amma bir sıra hallarda seçkiləri izləmək missiyası ayrı-ayrı ölkələrdə neqativ axtarmaq fürsəti kimi qiymətləndirilir- deyə Əli Əhmədov vurğulayıb.
Ana Vətən Partiyasının sədri millət vəkili Fəzail Ağamalı ABŞ Dövlət Departamentinin noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərə dair münasibətini belə qiymətləndirir:
“Əslində ATƏT-in DTİHB bu hərəkət və davranışlarının arxasında da Amerikanın durduğu üzə çıxır. Çünki, burada DTİHB-un Azərbaycanda seçkiləri izləməməsini əsas gətirərək Azərbaycanda keçirilən seçkilərin üzərinə kölgə salmaq cəhdi var. Halbuku seçkilər tam demokratik, şəffaf və azad şəkildə keçirildi eyni zamanda bu seçkilərin keçirilməsi üçün bütün qapılar xarici müşahidəçilərin, beynəlxalq təşkilatların göndərəcəyi nümayəndə heyətinin üzərinə açıq idi. Bəlli idi ki, onların Azərbaycan gəlməsi faktiki olaraq Azərbaycanda seçkiləri pozmaq məqsədi güdürdü. Buna baxmayaraq yenə də Azərbaycan öz təklifini verdi bundan isə ATƏT-in DTİHB imtina edərək Azərbaycana gəlməkdən vaz keçdi”.
Fəzail Ağamalının fikrincə, ABŞ başda olmaqla bəzi beynəlxalq təşkilatlar nəinki Azərbaycana qarşı ikili standartlardan çıxış edir, hətta açıq şəkildə təhdid və təzyiqlərini ifadə edirlər:
“Həm ABŞ Dövlət Departamenti, həm Avropa Parlamenti, həm də ATƏT-in DTİHB-u sadəcə olaraq mahiyyət və məzmun etibarı ilə eyni lakin vergüllərin, nöqtələrin və bəzi ifadələrin yer dəyişməsilə Azərbaycana qarşı qərəzli mövqeyini ortaya qoymaqdadır. Bütövlükdə ABŞ başda olmaqla bir sıra beynəlxlaq təşkilatlar Azərbaycana qarşı nəinki ikili standartların, artıq bir başa açıq şəkildə təhdid və təzyiqlərini ifadə etməkdədir və bu obyektivlikdən tamamilə kənar bir yanaşmadır. Seçkilərin taleyini həll edən Azərbaycan xalqının siyasi iradəsi oldu. ATƏT-in DTİHB-nun özünün də rəy vermiş olduğu Azərbaycan Respublikasının Seçki Məcəlləsinin bütün müddualarına uyğun olaraq seçkilər keçirildi”.
Xatırladaq ki, noyabrın 1- də keçirilən parlament seçkilərində ümumilikdə 30 beynəlxalq təşkilatdan 500-dən artıq müşahidəçi iştirak etsədə, ATƏT DTİHB nümayəndələri müşahidəçi qismində iştirak etməyiblər.