Bakı, 6 noy — Sputnik. Vokalçı, pedaqoq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəlliməsi Gülnarə Allahverdiyeva ilə müsahibəni təqdim edirik.
- Gülnarə xanım, gündəmə qalmaqalla gəldiniz, bunu istəmədiyiniz halda. Yalçın Rzazadə ilə aranızdakı narazılığı nəzərdə tuturam. Ümid edirəm gərginlik sülhlə bitdi…
— Bu halın yaşanmasını istəməzdim təbii ki. Təəssüf ki, bəzən problemlərdən qaçmaq olmur. Hazırda Yalçın bəylə aramızda heç bir narazılıq yoxdur. Ümid
edirəm bənzər hadisə bir daha yaşanmaz.
- Sizin Estrade Music Enterainment və Vokal Evi adlı yaradıcılıq mərkəzləriniz var. Adından da bəllidir ki, fəaliyyət istiqaməti musiqiylə bağlıdır. Konkret gördüyü işlər, layihələr barədə bilmək maraqlı olardı.
— Fəaliyyət istiqamətimiz təbii ki, sırf yaradıcılığa yönəlib. İstər Azərbaycan, istərsə də dünya musiqisini təbliğ edirəm, gənc istedadları səhnəyə, yarışmalara hazırlayıram, estrada sənətinin sirlərini öyrədirəm, vokal dərsləri verirəm. Habelə, səhnə performansı, tələbənin öz imicini tapması, musiqi istiqamətini kəşf etməkdə, musiqiylə bağlı layihələrdə yardımçı oluram.
- Həm Azərbaycan Dövlət Mədəniyyət Universitetində, həm də özəl olaraq çox sayda tələbələriniz var. Bir pedaqoq kimi tələbələrinizin istedaddan başqa, daha hansı özəlliyini dəyərləndirirsiniz?
— Bir sənətçinin yetişməsi üçün istedad təbii ki, başlıca şərtdir. Amma istedadla yanaşı, gərək zəhmətsevərliyin, əzmin olsun. Daim öz üzərində çalışmalı, axtarışda olmalıdır. Gələcək yaradıcı planlarla bağlı addımlarını müəllimlə məsləhətləşərsə, daha ugurlu olacağına inanıram.
Müsabiqələrdə laureat adını qazanan tələbələrim coxdur, lakin hazırda ölkəmizdə keçirilən Səs Azərbaycan yarışını xüsusilə vurğulamaq istərdim. Bilirsiniz ki,"The Voice" məşhur layihə ilk dəfədir ki, Azərbaycan teleməkanında keçiriləcək.Bu yarışmada artıq 4 tələbəm iştirak edir. Bu işdə əməyi keçən hər kəsə,o cümlədən tələbələrimə uğurlar arzu edirəm.
- Gülnarə xanım, uzun illərdir musiqi sektorundasınız. Tələbə yetişdirməklə bahəm, bildiyim qədəri ilə gözəl vokal imkanlarınız da var ki, bu da Sizə səhnəyə çıxmağa əsas verir. Bu barədə heç düşünmüsünüzmü?
— Şübhəsiz. Müğənni kimi səhnəyə çıxmağa niyyətim də var, planlarım da var. Bu istiqamətdə artıq işlər görürəm.
- Sirr deyilsə, müğənni kimi ilk səhnə debütünüzü hansı mahnı ilə etməyi düşünürsünüz?
— Hazırda türkiyəli bəstəkar və aranjemançı Birhan Birerlə bir pop layihə üzərində çalışırıq. Oxuyacağım mahnının musiqisi ona aiddir. Ümid edirəm çox maraqlı iş olacaq.
Bundan başqa, xalq mahnılarımızı, Azərbaycan bəstəkarlarından olan retro, eləcə də Avropa musiqi əsərlərini yeni aranjemanda təqdim etməyi düşünürəm.
- Estrada sənətində son illər sanki boşluq müşahidə olunur. Həqiqətən belədirsə, bunun səbəbini də öyrənmək istərdik.
— Muğənnilər əslində çox saydadır, amma xalqın qəlbinə yol tapan səs 10-15 ildə bir dəfə gəlir. Bir gerçəklik də var ki, yaxşı səsin olsa belə, onu dinləyicilərə, xalqa çatdırmaq şansa, maliyyəyə ehtiyac var. Bu yoxdursa, potensialın itib-batacaq.
Digər problem, estrada sənətinin təbliğinin düzgün aparılmamasıdır. Məsələn, folk və pop janrı arasında fərqlər olduğu halda çox vaxt eyniləşdirirlər. İki fərqli məktəbin öz qaydaları, geyimi, səhnə performansı, hətta ünsiyyət mədəniyyəti var. Pop musiqi janrı çərçivələri, qəlibləri sevmir. Hər bir çılğınlığa cəsarətli və hazırlıqlı olmalısan. Hər şey peşəkar səviyyədə olmalıdır — səhnə performansı da, çılgınlıq, improvizələr belə. Ona görə də xasiyyətində, təbiətində kompleks, həddən ziyadə ciddilik olan biri, musiqinin ancaq klassik janrında özünü tapa bilər. Janrları sintez etdikdə belə, bu qaydalara riayət ancaq vəziyyətə görə dəyişə bilər. Estrada sənətində peşəkarlar azdır, xüsusilə bu sənət üzrə vokal təlimçiləri… Estrada səhnəsi təkcə ifaçılıqla məhdudlaşmır, rəqs, aktyorluq, sirk, natiqlik, illüziya və s. incəsənətin bir cox istiqamətini ozundə birləşdirən sənət növüdür.
- Gənclərin daha çox qərb musiqilərə üstünlük verməsini nə ilə əlaqələndirərdiniz?
— Pop janrında mahnı bəstələyən peşəkar bəstəkarlar günümüzdə çox azdır. Tədris vəsaiti kimi də dərsliyə yalnız peşəkarların əsərlərini daxil etməyə icazə var. Nəticədə zatən məhdudu çərçivədə olan seçim daha da azalır. Gənc nəsl də arzuladığı, zövqünə uyğun və tərzi olan mahnılar tapa bilməyəndə üz tutur yabançı musiqilərə. Lakin hər şeyə rəğmən, düşünürəm ki, hər bir musiqiçi ilk növbədə öz ölkəsinin musiqisini öyrənməli, ona sahib çıxmalıdır.