BAKI, 5 noy — Sputnik. Müsavat Partiyasının seçkilərdən geri çəkilmək haqqındakı qərarını icra etməyənləri cəzalandırmaq niyyəti absurddur.
Bunu Sputnik-ə açıqlamasında Müsavat Partiyasının üzvü və 1 noyabrda Milli Məclisə keçirilən seçkilərdə deputatlığa namizəd Tural Abbaslı deyib.
Onun sözlərinə görə, onsuz da Müsavat Partiyasının parlament seçkilərini yarımçıq saxlayıb geri çəkilmək haqqında verdiyi qərar yanlış, emosional və siyasi məntiqə uyğun gəlməyən bir qərar idi: “İndi də durub bu qərarının icrasının yerinə yetirilib-yetirilməməsini partiyadan deputatlığa namizədlərdən tələb etmək absurddur.”
Abbaslı bildirib ki, Müsavat Partiyası bu gün seçkidən sonrakı durumu və gələcək addımları, seçkidəki məğlubiyyətin səbəblərini və burada müxalifətin məsuliyyətini müzakirə etmək əvəzinə yenə də daxili çəkişmələrə və qovğalara başlayıb.
“Cəmiyətin, xalqın bu ağır vəziyyətində yenə də bu şəxslər daxili intiriqalarla məşğuldurlar. Burada deyiblər sən nə hayda mən nə hayda. Bu çox təəssüf hissi doğuran və acınacaqlı haldır”, — Abbaslı əlavə edib.
Partiya üzvü bildirib ki, onsuz da təşkilatın qurultayından keçən son bir il müddətində Müsavat ancaq daxili çəkişmələrlə, qovğalarla, partiyadan çıxarmalarla gündəmdə olub: “Bu bir ildə hər hansı uğuru olmayıb. Biz son bir ildə Müsavat ancaq uğursuz aksiyaları, bələdiyyə və parlament seçkilərindəki biabırçı iştirakı, kimlərinsə partiya sıralarından çıxarılması və ya qovulması kimi hadisələrlə yadda qalıb. Bu gün partiya sədri Arif Hacılı ancaq repressiayalarla məşğuldur. Əgər sabah onun ən yaxın tərəfdarlarından olan Gülağa Aslanlı onu hansı fəaliyyətinə görə tənqid etsə, onu belə partiya sıralarından qovacaq.”
Abbaslı əlavə edib ki, bütün bunlarla yanaşı, Müsavat rəhbərliyi xalqdan onları dəstəkləməyi tələb edirlər: “Səhvlərini düzəltmək əvəzinə, daha ciddi səhvlərə yol verirlər. Bu, üzücü haldır. Xüsusən də mənim üçün. Hansı ki, gözümü açıb bu partiyanı görmüşəm və 15 ildən artıqdır ki, bu partiyanın üzvüyəm. 18 yaşım olandan Müsavatın üzvüyəm. Rəhbərliyin belə yanlış siyasəti məni çox üzür. Biz səhvlərimizdən nəticə çıxarıb irəliyə getmək, cəmiyyətdə dəyişiklik etmək əvəzinə, partiyadaxili siyasi plüralizmi, demokratiyanı boğmaqla məşğuluq. Bu metodla biz heç nəyə nail ola bilməyəcəyik. Biz bunun ancaq ziyanını görəcəyik.”
“Bu gün partiyanın İltizam Əkbərli kimi bölgədə nüfuzlu şəxsi cəzalandırması ilə, o, heç nə itirməyəcək, itirən Müsavat olacaq. Onun simasında İmişli rayonu kimi güclü bir təşkilatı itirmiş olacaq. Necə ki, Tovuz, Suraxanı kimi güclü təşkilatı itirdilər. İndi də İmişli kimi bir rayonu itirməklə, onlar nə qazanacaq?! Sadəcə, Arif Hacılı partiya rəhbərliyinə insanları bacarığına görə deyil, ona bağlılığına görə təyin edib. Onlar da onun bir sözünü iki etmirlər. O nə deyirsə, digərləri də ləbbeyk deyirlər.” – deyə Abbaslı bildirib.
Tural Abbaslı deyib ki, Müsavat Divanının onun məsələsinə baxması üçün hüquqi əsası yoxdur: “Çünki mən namizədliyimi partiyadan deyil, müstəqil şəxs kimi verdim. Partiya məni dəstəkləmədiyinə görə, mənim təşkilat qarşısında və ya onun qərarlarını icra etmək baxımından heç bir hüquqi və siyasi öhdəliyim yoxdur. Bu baxımdan da, Divanın mənim məsələmi müzakirə edəcəyinə inanmıram. Amma onlardan hər şeyi gözləmək olar. Qoy müzakirə etsinlər, görək bundan kim udacaq. Partiyaya xeyri olacaq, ya yox. Əvvəlcədən deyim ki, bu onlara xeyir gətirən qərar olmayacaq”.
Partiyadan çıxarılacağı halda hansı addımları atacağına aydınlıq gətirən Abbaslı deyib ki, hüquqlarını müdafiə edəcək və bunu bacaracaq.
Müsavatın Divan üzvü Nemət Kərimli deyib ki, partiya üzvləri İltizam Əkbərli və Tural Abbaslı Müsavatın noyabrın 1-də keçirilən parlament seçkilərində iştirakı dayandırmaqla bağlı qərarına əməl etmədiklərinə görə, onlar barəsində tədbir görüləcək.