BAKI, 4 noy – Sputnik. “ATƏT-in Demokratiya Təsisatlar və İnsan Haqları İnstitunun Azərbaycandakı seçkilərlə bağlı verdiyi bəyanatı dəstəkləyirik. Amma buna baxmayaraq ABŞ ölkənizlə əməkdaşlığa davam edəcək”. Bunu paytaxt Bakıda təşkil olunan təhsil sərgisində iştirak edən ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta deyib. Onun sözlərinə görə Ağ Ev hökuməti Azərbaycanın yeni formalaşan parlamenti ilə bundan sonra da əməkdaşlıq edəcək.
“Biz Azərbaycanın hərtərəfli inkişafı üçün əməkdaşlıq etməyə hazırıq və bu davam edəcək. Burada qeyri-adi heçnə yoxdur. ATƏT-in Demokratiya Təsisatlar və İnsan Haqları İnstitunun verdiyi bəyanatı dəstəkləyirik. Amma buna baxmayaraq ölkənizlə əməkdaşlığımız davam edəcək. ABŞ-ın Azərbaycanla bir çox sahələrdə uğurlu əməkdaşlığı var. Hansı ki bu əməkdaşlıq hər iki ölkəyə fayda verir və maraqlarına xidmət edir”, deyə Sekuta əlavə edib.