BAKI, 4 noy — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Dövlət başçısına Şəki-Qax-Zaqatala avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, bu avtomobil yolu Şəki və Qax şəhərləri arasında nəqliyyat əlaqəsinin yaxşılaşmasına, hazırda istifadə olunan 77 kilometrlik məsafənin 42 kilometr qısalmasına imkan verir. Yolun əsas üstünlüyü isə onun 39 min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsini əhatə etməsidir.
Diqqətə çatdırılıb ki, yenidənqurma işləri zamanı yol üzərində 20 körpü, uzunluğu 1074 metr olan suötürücü borular, 12 avtobus dayanacağı tikilib, 176 yol nişanı quraşdırılıb. Bu yolun istismara verilməsi Bakıdan və digər bölgələrdən Zaqatala, Balakən rayonlarına, həmçinin qonşu Gürcüstana və əks istiqamətdə nəqliyyat vasitələrinin Qax şəhərinə daxil olmadan hərəkətinə imkan yaradacaq, Qax şəhərinin ekoloji təmizliyinə müsbət təsir göstərəcək.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.