CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Xəzərdə Qazaxıstanla birgə təlim keçirməyə hazırdır

Qazaxıstan hərbi gəmisi
Qazaxıstan hərbi gəmisi - Sputnik Azərbaycan
Abunə olmaq
Qazaxıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin noyabrın 4-də bu ölkənin müdafiə naziri İmanqali Tasmaqambetov tərəfindən rəsmi qarşılanma mərasimi keçirilib.

BAKI, 4 noy — Sputnik. Qazaxıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin noyabrın 4-də bu ölkənin müdafiə naziri İmanqali Tasmaqambetov tərəfindən rəsmi qarşılanma mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü olub.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə vurğulanıb ki, Azərbaycan və Qazaxıstan xalqları müştərək tarixi-mədəni keçmişə malikdirlər. Ölkələr arasında münasibətlər strateji xarakter daşıyır. Əməkdaşlıq həm ikitərəfli formatda, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində inkişaf edir. “Hazırkı mərhələdə diqqəti Azərbaycan və Qazaxıstanın Hərbi Dəniz Qüvvələri arasında praktiki əlaqələrin qurulmasına yönəltmək vacibdir. Bu istiqamət Xəzər dənizində qonşuluq münasibətlərinin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edər. Bu, Xəzəryanı dövlətlərin rəhbərlərinin yüksək səviyyəli görüşlərdə əldə etdikləri razılığa da uyğundur”, — deyə Qazaxıstanın müdafiə naziri bildirib.

“Biz birgə təlimlərin keçirilməsinə hazırıq. Çünki Qazaxıstanla təlimlərin və yarışların keçirilməsi sahəsində təcrübəyə malikik. Bu cür tədbirlərin keçirilməsi silahlı qüvvələrimizin qarşılıqlı təcrübə əldə edərək yaxınlaşmasına xidmət edər”, — deyə Azərbaycanın Müdafiə naziri vurğulayıb.

İ. Tasmaqambetov Z. Həsənovu gələn il Astana şəhərində keçirilməsi planlaşdırılan “KADEKS-2016” Beynəlxalq Hərbi Texnika və Silah sərgisinə dəvət edib. "Ümid edirəm ki, bu sərgidə iştirakınız ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın inkişafına əlavə təkan verəcəkdir”, — deyə o bildirib.

Görüşdə ölkələr arasında mövcud əlaqələrin əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığına xüsusi diqqət yetirilib, qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi də aparılıb.

Yekunda Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında 2016-cı il üçün əməkdaşlıq planı imzalanıb.

Xəbər lenti
0