BAKI, 2 noyabr-Sputnik. 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin nəticələri ləğv oluna bilər.
Sputnik xəbər verir ki, sözügedən dairədə ASDP sədri Araz Əlizadə ilə Ümid Partiyasının sədri İqbal Ağazadəyə verilən seçici səsləri ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır.
Mərkəzi Seçki Komissiyası (MSK) həmin dairədə mövcud olan 33 seçki məntəqəsindən 6-dan verilən protokola əsasən ilkin nəticələri açıqlamışdı. Hazırda isə bu rəqəmlər Mərkəzi Seçki Komissiyasının saytının "protokollar" bölməsində sıfırlanıb.
Lider namizədlər bölməsində isə ümumiyyətlə 35 saylı Xətai üçüncü seçki dairəsinin adı siyahıdan çıxarılıb.
Mübahisəli olan bu dairədə seçkinin nəticələri indiki məqamda sual altına düşmüş hesab olunur.
MSK-nın ötən gecə ilkin nəticələrlə bağlı verdiyi açıqlamada Araz Əlizadə 44,7 faiz səslə lider idi.